blogpost-title

İdarəetmə

Korporativ mədəniyyət

Optimizasiya

Əməliyyatların səmərəliliyi Sizin əlinizdədir!

Müəllif: Namiq Kazımov (namig.kazimov@fcg.az)

Hazırda, bildiyiniz kimi, bazar iqtisadiyyatına əsasən fəaliyyətlərin dayanıqlı olmasının və ümumiyyətlə davam etdirilməsinin təmin edilməsi məqsədi bir çox müəssisələrdə davamlı olaraq xərclərin optimallaşdırılması istiqamətində tədbirlər aparılır. Ənənəvi olaraq xərclərin optimallaşdırılması əsasən aşağıda qeyd edilən istiqamətlər üzrə aparılır:

  • İşçi sayının azaldılması;
  • Daha ucuz qiymətlərlə xammal və mal-materialların tədarükü;
  • İşçi inkişafı proqramlarının “müvəqqəti olaraq optimizasiya dövründə” təxirə salınması;
  • Marketinq tədbirlərinin optimallaşdırılması;
  • Avadanlıqların, qurğu və ya mexanizmlərin planlı təmir ilə bağlı tələb edildiyi ehtiyat və ya aşınan hissələrin dövrü olaraq yox, qəza baş verdiyi hallarına təcili alışlarının icrası;
  • Müəssisənin texnoloji və avtomatlaşdırılması üzrə inkişaf proqramlarının təxirə salınması.

Bununla yanaşı müəssisələrin inkişafı istiqamətində strateji idarəetmə və maliyyənin idarə edilməsi yönümlü əməkdaşlar təlim/inkişaf proseslərinə cəlb edilir.

Lakin yuxarıda qeyd edilən optimallaşdırma tədbirləri və inkişaf prosesləri nəticəsində müəssisələrin əsas xərc və birbaşa gəlir mənbəyi olan Əməliyyatlar (müəssisə daxili kommunikasiya prosesləri, SƏTƏM prosesləri, planlama prosesləri, satınalma prosesləri, anbar təsərrüfatı prosesləri, texniki xidmət prosesləri, hesabatlıq prosesləri, kompleks keyfiyyətə nəzarət prosesləri, istehsalat və ya xidmət göstərmə prosesləri) istiqamətində hər hansı bir optimalaşdırma və ya inkişaf tədbirləri aparılmır. Əməliyyatların icrası zamanı məhsulun maya dəyərinə əlavə edilən və müştəriyə dəyər qatmayan bir çox itkilər məhz qeyri-səmərəli qurulmuş proseslər və tələb edilməyən zaman sərfi kimi itkiləridir. Nəticə etibarı ilə müəssisələr adətən aşağıda qeyd edilən qeyri-səmərəliyini əks etdirən mənfi hallarla üzləşir:

  • Məhsuldarlığın aşağı düşməsi;
  • Keyfiyyət göstəricilərinin aşağı düşməsi;
  • Qeyri-rəqabətli satış qiymətləri;
  • İşçi ruhunun aşağı düşməsi;
  • İşçi ixtisarları;
  • Müəssisənin mənfəətinin aşağı düşməsi;
  • Müəssisənin fəaliyyətinin dayandırılması.

Hazırda Respublikamızın inkişaf istiqamətində olduğu bir müddətdə müəssisələrdə əməliyyatların qeyri-səmərəli olması aşağıda qeyd edilən mənfi təsirlər göstərməkdədir:

  • Yerli məhsulların keyfiyyətinin aşağı düşməsi və xarici məhsulların idxal potensialının artması;
  • Gənc və potensiallı kadrların işə qəbul edilməməsi, inkişaf etməməsi və yetişməməsi səbəbi ilə ölkəmizi tərk etmələri;
  • Müəssisələrdə çalışan əməkdaşların həyat və sosial təminatlarının yaxşılaşmaması;
  • Yeni istismara verilmiş və son texnologiyalar ilə təchiz edilmiş müəssisələrin fəaliyyətinin tam və ya qismən dayandırması.

Əməliyyatların səmərəli idarə edilməsi və davamlı nəzarət sisteminin alətlərinin tam tətbiq edilməsi nəticəsində aşağıda qeyd edilən nəticələrin əldə edilməsi mümkündür:

  • Məhsuldarlığın carı vəziyyətə nisbətən minimum 10%-dək artırılması;
  • Keyfiyyət göstəricilərinin carı vəziyyətə nisbətən minimum 5%-dək artırılması;
  • Məhsulun istehsalı üzrə maya dəyərinin carı vəziyyətə nisbətən minimum 15%-dək azaldılması;
  • Müəssisələrin gəlirliyinin carı vəziyyətə nisbətən minimum 15%-dək artırılması;
  • Yeni yerli məhsulların istehsalı və nəticə etibarı ilə ixracı proseslərinin carı vəziyyətə nisbətən minimum 5%-dək artırılması;
  • İş yerlərində baş verən bədbəxt hadisələrin carı vəziyyətə nisbətən minimum 10%-dək azaldılması.

Əməliyyatların səmərəli idarə edilməsi və nəzarəti sisteminin alətləri üzrə qısa təsvir.

VSM – Value Stream Mapping (DAX – Dəyər Axının Xəritələşdirilməsi) aləti vasitəsi ilə müştəridən sifariş qəbulundan hazır məhsulunun müştəriyə təhvil verilməsini kimi bütün proseslərin carı vəziyyətinin xəritələnməsi, təhlili, gələcək vəziyyətinin xəritələnməsini və tətbiq edilməsi;

Davamlı olaraq xərclərin optimallaşdırılması istiqamətlənən əsas 8 növ itkilərin davamlı axtarışı və aradan qaldırılması prosesinin tətbiqi.

Əsas 8 növ itkilər:

  • Artıq istehsalın icrası (tələbdən kənar ehtiyat istehsalı);
  • Artıq ehtiyatların saxlanılması (tələbdən kənar ehtiyatların stoklanması);
  • Əlavə hərəkətlər (insanların hərəkəti);
  • Əlavə daşınmalar (mal-material daşınması);
  • Boş dayanmalar və ya gözləmələr;
  • Təkrar emal (uyğun olmayan məhsulların təkrar emalı);
  • Əməkdaşların istifadə edilməyən potensialları;
  • Zay məhsullar.

“5 S” aləti vasitəsi ilə iş yerlərinin səmərəli və səliqəli şəkildə təşkil edilməsi.

  • İş yerlərində tələb edilən alətlərin, mal-materialların axtarışına sərf edilən zamanların qənaət edilməsi;
  • İş prosesinə tələb edilən alətlərin daimi əl altında olmasının təmin edilməsi;
  • İş prosesində iş yerində mövcud olan tələb edilməyən mal-materialların və digər əşyaların kənarlaşması nəticəsində bədbəxt hadisələrin saylarının minimuma endirilməsi.

TPM – Total Productive Maintenance (AÜX – Avadanlıqların Ümumi Xidməti) aləti vasitəsi ilə istehsalın fasiləsiz fəaliyyətinin və istehsal edilən məhsulun keyfiyyət göstəricilərinin yüksək səviyyədə saxlanılmasının təmin edilməsinin tətbiq edilməsi;

SMED – Single Minute Exchange of Dies (QZTK – Qısa Zamanlı Texnoloji Keçid) aləti vasitəsi ilə bir məhsuldan digər məhsula keçid proseslərinin sürətlənməsi nəticəsində eyni bir məhsuldan, tələb edilmədən, sifarişdən artıq istehsalı yanaşmasının qarşısının alınması və məhsulların sifariş əsasında tələb edilən miqdarda istehsalı sisteminin tətbiq edilməsi.

KAİZEN – Daimi kiçik addımlar ilə inkişaf aləti vasitəsi ilə səmərələşdirici təkliflərin tətbiqi sisteminin tətbiq edilməsi.