blogpost-title

Komanda çalışması

Kommunikasiya

Komanda üzvlərinin müxtəlifliyi

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

İnsanlar iş həyatlarında özlərinə oxşar şəxslərlə işləməyə üstünlük verir. Müxtəlif tədqiqatlara əsasən müsahibə keçirən şəxs müsahibədən keçən şəxs barədə qərarı ilk 30, 10 və ya hətta 2 saniyə ərzində verir. Təbii ki, burada hər hansı peşə bilik və bacarıqlarının, şəxsi keyfiyyətlərin dəyərləndirilməsi və rasional qərar verilməsindən söhbət belə gedə bilməz. Həmin qərar daha çox emosionaldır. Sonra isə beyin həmin emosional qərarı rasional dəlillərlə əsaslandırır. Onu da qeyd edim ki, yazılanlar müsahibələr vasitəsilə daimi işəgötürmə ilə məşğul olan “hr”-lardan çox, ildə bir-iki dəfə öz komandaları üçün işçi seçimi edən rəhbərlərə aiddir.

Beləliklə, komanda rəhbər tərəfindən formalaşdırılıbsa, əksər hallarda özünə bənzər şəxslərdən ibarət olur. Rəhbər çox dinamik, hərəkət sevən şəxs olduqda əməkdaşları da belə olur. Rəhbər daha çox inzibatçı tipinə aid olursa, komandada da bu keyfiyyətlər geniş yayılmış olur. Hətta olur ki, struktur bölmənin üzvlərinin maraq dairələri də oxşar olur, təhsil aldıqları dil eyni olur və sair. Bunun müsbət tərəfi komandanın oxşar düşünməsi, çoxlu seçimlər nəzərdə tutan vəziyyətlərdə daha tez ümumi məxrəcə gəlməsidir. Əsas çatışmazlıq da elə baxışların eyni olmasından irəli gəlir. Belə ki, bəzi mümkün alternativ həllər komanda üzvlərinin ağlına belə gəlmir və müzakirə olunmur. Halbuki optimal qərar elə onlardan biri ola bilərdi. Başqa mümkün mənfi hal komandanın hadisələrə lazım olandan tez və ya əksinə gec reaksiya müddətidir.

Komandada müxtəliflik mümkün qədər təmin olunmalıdır. Təbii ki, bu o demək deyil ki, komanda üzvləri tam fərqli şəxslərdən ibarət olub diametral əks fikir sahibləri olmalıdır. Belə olduqda, onların ümumi qərara gəlməsi çox çətin olacaq. Lakin müxtəlif yaş qruplarının üzvləri, fərqli cinslərin nümayəndələri, oxşamayan iş təcrübəsi sahibləri komandaya fayda qazandırır və daha mükəmməl edir. Təbii ki, belə komandanı birləşdirmək rəhbərdən xüsusi bacarıqlar tələb edəcək. Amma bu çətinlik dəf edilsə gələcək çox parlaq ola bilər.