Müəllif: Şahin Qədimli
İstənilən münasibətlərdə olduğu kimi, rəhbər və işçi üçün də qarşılıqlı kommunikasiya çox vacibdir. Rəhbər işçiyə tapşırıqlar verməklə yanaşı onun işi barədə müsbət və mənfi geri bildirim də verməlidir. Bunun nəticəsində işçi başa düşür ki, onun fəaliyyəti məqbuldur yoxsa dəyişikliklərə, əlavə səylərə, fərqli yanaşmaya ehtiyac var. İdealda işçi də rəhbərə onun idarəetmə tərzi ilə bağlı rəy bildirməlidir. Çünki məhsuldar iş mühiti rəhbər-işçi və işçi-rəhbər cütlüyünün hər üzvünün məmnunluğundan asılıdır. Əvvəlcə rəhbərin işçiyə bildirdiklərindən danışaq. Bu nə qədər təəccüblü gəlsə də, amma bir çox rəhbərlər işçilərə nə müsbət, nə mənfi geri bildirim vermir. Sonradan məlum olur ki, rəhbər işçidən olduqca narazıdır, işçi isə mənfi rəy almadığı üçün tam əmindir ki, işini yüksək səviyyədə görür və ondan hər kəs razıdır. Belə vəziyyətin inkişafı hər iki tərəf üçün xoşagəlməz nəticələnəcəyini təxmin etmək çətin deyil. Bəs bəzi rəhbərlər niyə belə davranır?
Qarşılaşdığım ən mənfi hal ondan ibarət olub ki, bəzən rəhbər işçiyə işi barədə mənfi rəy bildirməklə onunla münasibətləri pozmaqdan, xətrinə dəyməkdən qorxur. Adətən belə rəhbərin daxili təməli və liderlik keyfiyyətləri zəif olur. Fikrimcə bu cür şəxs ümumən rəhbər vəzifəsinə uyğun deyil. Əksər hallarda bu adam rəhbər funksiyalarından psixoloji əziyyət çəkir. Amma o da var ki, təcrübəmdə bir neçə dəfə belə şəxslərlə qarşılaşsam da heç biri “mən bu vəzifəyə uyğun deyiləm, mən yüksək dərəcəli mütəxəssis vəzifəsində çalışmaqla daha faydalı ola bilərəm” bildirdiklərinin də şahidi olmamışam. Nəticədə isə işə ziyan dəyir, işçilər nəyin düzgün, nəyin yanlış olduğunu anlamır. Vəzifələrini davamlı zəif yerinə yetirən işçi ilə vidalaşmaq barədə qərar qəbul olunduqda isə bu həmin işçi üçün “sürpriz” olur və ortalıqdakı narazılıq vaxtında bildirilən kiçik mənfi rəylərdən yarana və müsbət dəyişikliklərə gətirə biləcək küskünlükdən qat-qat artıq olur. Yekunda hər kəs uduzur, həm rəhbərin qoruduğu münasibətlər pozulur, həm işçi işsiz qalır, həm də şirkət işçiyə qoyduğu sərmayəni itirir. Hamı üçün yaxşı olmaq çalışan insan tipinə aid olan rəhbərlər də adətən işçi barədə mənfi rəy verməkdə çətinlik çəkir və oxşar aqibət yaşanır. Elə burada məşhur atalar sözü yada düşür: “Ən böyük biclik düzlükdür”.
İşçiyə göstərdiyi nəticələrdən asılı olaraq, tək mənfi yox, həm də müsbət rəy bildirmək lazımdır. Müsbəti bildirmək təbii ki, daha asandır. Müsbət rəy, mənfidən fərqli açıq və ya gizli münaqişəyə səbəb olmur. Müsbət rəy əlavə motivasiyadır və daha böyük nailiyyətlərə təkan verə bilər. Amma nədənsə həmkarlar işçilərini tərifləməyi və ya təşəkkür etməyi xoşlamır. Bəziləri düşünür ki, işçi onsuz da bilir ki, ondan razıdırlar. Halbuki fərqli insanların baxışları fərqlidir və işçi tam əksini düşünə bilər. Başqa səbəb ondan ibarət ola bilər ki, bəzən rəhbər müsbət rəyin işçiyə mənfi təsir edəcəyini düşünüb onu ona bildirmir. Ən pis hal odur ki, işçinin özünə verdiyi qiymətin yüksələcəyi və əmək haqqı və ya vəzifə artımı istəniləcəyini düşünüb işçini tərifləmirlər. Nəticədə işçi əməyinə dəyər verilmədiyini düşünüb ya başqa iş axtarmağa, ya zəif işləməyə başlayır və ya bundan da pis, sahibkardan müəyyən şəkildə qisas almağa çalışır.
Rəhbərlər daimi işçiləri ilə ünsiyyətdə olmalı və onlara işləri barədə rəy bildirməlidirlər. Rəhbərlərin əsas funksiyalarından biri işçini idarə olunması ilə yanaşı onu inkişaf etdirməkdir. Ünsiyyətsiz bunlar qeyri-mümkündür. İdealda rəhbər işçilərinə öz idarəetmə üslubu ilə bağlı da rəy bildirmək üçün şərait yaratmalıdır. Çox nadir şirkətlərdə bunun üçün xüsusi qaydalar var. Halbuki rəhbərin inkişafı üçün işçilərin rəyi son yerdə deyil. Hətta qayda olduğu halda belə işçi-rəhbər dialoqunun tam səmimi olması daha çox rəhbərdən asılıdır. Təbii ki, sui-istifadə də yol verilməzdir. Bəzən çox demokratik rəhbəri öz işçiləri idarə edir. Bizim tərbiyəmiz və hətta genetik kodumuz böyüyə hörmət nəzərdə tutur. Rəhbər isə əksər vaxt həm yaşca böyük olur və ya yaşca olmasa da statusuna görə böyük kimi qəbul olunur. Ona görə işçidən rəy almaq kifayət qədər çətindir, lakin inkişaf etmək istəyən rəhbər üçün vacibdir. Yekunda qeyd edim ki, rəhbərin işçilərin bütün iradlarını da qəbul etməyi şərt deyil. Hər fikir subyektivdir, lakin istənilən fikri təhlil etmək şərtdir.