blogpost-title

İdarəetmə

Optimizasiya

Müəssisə fəaliyyətinin effektivliyinin artırılması metodları

Müəllif: Namiq Kazımov (namig.kazimov@fcg.az)

Bu gün dünyada baş verən sürətli inkişaf və rəqəmsallaşma üzrə dəyişikliklər ilə əlaqədar idarəedicilər anlayırlar ki, bir yerdə durmaq düz deyil və ümumiyyətlə olmaz. Aydındır ki, bazar rəqabətliyinə uyğunlaşmaq və inkişaf üçün müəssisənin fəaliyyət effektivliyi vacibdir və artırılmalıdır.

Effektivlik - əldə edilmiş nəticələr ilə sərf edilmiş resursların nisbətidir. Burdan belə bir nəticə çıxartmaq olar ki, eyni bir nəticənin əldə edilməsi üçün sərf ediləcək resurs azaldıqca effektivlik göstəricisi artır.

Müəssisə fəaliyyətinin effektivliyinin artırılması üzrə bir çox yollar və metodlar mövcuddur, lakin bu məqalə çərçivəsində iki əsas metodu nəzərdən keçirmək istərdim:

  1. Müəssisənin fəaliyyətinin inkişafı məqsədi ilə əhəmiyyətli investisiyaların cəlb edilməsi üzrə klassik (ənənəvi) metod (bax şəkil 1).
  2. Kiçik daimi və davamlı təkmilləşdirmələr metodu (bax şəkil 2).

Klassik (ənənəvi) metodun xüsusiyyətləri:

  • Birdəfəlik tədbirlər nəticəsində müəssisə effektivliyinin əhəmiyyətlə dərəcədə artırılması. Burada məhz yeni texnologiyaların və inovasiyaların tətbiqi hesabına effektivlik sıçrayışı müşahidə edilməkdədir;
  • Cari texniki təkmilləşdirmə və innovasiyalar üçün əhəmiyyətli xərclərin və ardıcıl olaraq növbəti mərhələ təkmilləşdirmə və yenilənmələr üzrə isə daha da artıq xərclərin tələb edilməsi;
  • Adətən texniki təkmilləşdirmə üzrə təşəbbüslər hər zaman istehsal və ya xidmət əməliyyatları proseslərinin incəlikləri ilə yaxından tanış olmayan kabinetlərdə əyləşən ekspertlər tərəfindən irəli sürülür və bu cür hallarda bəzən istənilən nəticələrin əldə edilməməsi müşahidə edilir. Misal üçün: Məhsuldarlığın artırılması üçün yeni avadanlıqlar və ya yeni proqram təminatının alışı həyata keçirilir, lakin nəticədə məhsuldarlığın artırılması nə avadanlıq, nə də proqram təminatı ilə bağlı olmadığı müəyyən edilir. Nəticə etibarı ilə vəsaitlər xərclənib, lakin effekt mövcud deyil.

Daimi və davamlı təkmilləşdirmə metodun xüsusiyyətləri. Digər bir yanaşma - müəssisənin effektivliyinin artırılmasına biznes proseslərin optimizasiya ilə nail olmaq (itkilərin müəyyən edilməsi və dəyər qatmayan mümkün fəaliyyətlərin kənarlaşdırılması və ya azaldılması, məhsulun və ya xidmətin maya dəyərinin azaldılması, keyfiyyət göstəricilərinin artırılması, proseslərin icra müddətlərinin mümkün optimizasiyası). Bu cür yanaşmanın xüsusiyyətləri bəs nədir?

  • Çoxsaylı kiçik təkmilləşdirmələr. Təkmilləşdirmə prosesi daimi və davamlı həyata keçirilir: ümumi xərclərin azaldılması məqsədi ilə gözləmədə olan yarımfabrikatların miqdarının azaldılması, anbarlarda mal-material axtarışının sürətini artırmaq məqsədi ilə ünvanlı saxlama metodunun tətbiqi, ofis proseslərində razılaşdırma mərhələlərinin optimizasiyası, iş yerində alət və avadanlıqların səliqəli və standart şəkilində yerləşdirilməsi və s. Müəssisə daxili tətbiq edilən bütün kiçik təkmilləşdirmə tədbirləri əsasında müəssisənin effektivliyinin artırılmasında əhəmiyyətli bir nəticə əldə edilir;
  • Təkmilləşdirmə tədbirlərinin reallaşması üçün adətən əhəmiyyətsiz xərclər tələb edilir. Bu, misal üçün, təkmilləşdirmənin birbaşa təşkilati xarakterli olması ilə bağlı ola bilər. Digər hallarda isə müəssisə üçün kiçik ola biləcək maliyyə yatırımları tələb oluna bilər.
  • Təkmilləşdirmə üzrə təşəbbüslər birbaşa iş yerlərində olan əməkdaşlar tərəfindən irəli sürülür. Daimi və davamlı təkmilləşdirmə sistemində səmərələşdirici təkliflərin təqdim edilməsi və təklif edilən tədbirlərin icrası birbaşa iş yerində olan əməkdaşlar tərəfindən icra edilir. Nəticə etibarı ilə ediləcək dəyişiklərin uyğunlaşması müsbət qarşılanır və əməkdaşların proseslərin optimizasiyasına olan maraq və cəlb edilmə göstəricisi artır.

Daimi və davamlı təkmilləşdirmə metodunun tətbiqi üçün təklif edilən üsullarda biri – müəyyən bir iş sahəsinin və ya biznes prosesin optimizasiyası üzrə pilot layihəsinin reallaşdırılmasıdır. Layihə müəssisədə mövcud olan idarəetmə sisteminin və korporativ mədəniyyətinin inkişafı ilə nəticənə bilər. Həmçinin, həmin layihə çərçivəsində, proseslərin avtomatlaşdırma tələbi müəyyən edilmək ilə avtomatlaşdırma üzrə texniki tapşırıqlar tərtib edilə bilər.

Hər bir metoda aid olan müsbət və mənfi cəhətlər mövcuddur. Hər halda müəssisə fəaliyyətinin effektivliyinin artırılması üzrə hər hansı metodun rədd edilməsi və ya seçilməməsi düzgün olmaz. Hər iki metodun tətbiqi isə əhəmiyyətli dərəcə sinerji effekti ilə nəticələnə bilər. Buna görə daha davamlı və rəqabətli bir müəssisə olmaq üçün daimi və davamlı olaraq təkmilləşdirmə sistemini inkişaf etdirməyi, yeni texnologiyaları düşünülmüş şəkildə tətbiq etməyi tövsiyə edirəm.