blogpost-title

İdarəetmə

Mükafatlandırma, cəzalandırma və motivasiya

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Uğurlu idarəetmənin həm mükafatlandırma, həm də cəzalandırma alətləri olmadan həyata keçirilməsinin mümkünsüzlüyü barədə dəfələrlə yazmışam. Vacib odur ki, heç bir alətdən sui-istifadə edilməsin və hər zaman balans saxlansın. Həm də əsas məqsədi unutmaq olmaz. Düzgün idarəetmədə nə cəzalandırma sırf cəzalandırmaq naminə icra olunur, nə də mükafatlandırma məhz mükafatlandırmaq üçün həyata keçirilir. Birinci halda ali hədəf yanlış davranışın təkrarlanmasını istisna etmək, ikincidə mükafatlandırmaya səbəb olan davranışın təkrarlanmasını stimullaşdırmaqdır. Hər iki alətin tək maddi forması nəzərdə tutulmur, həm də mənəvisi var.

Hər sadalanan alətin tətbiqi qaydaları var. Mükafatlandırma ilə bağlı ən vacibi ondan ibarətdir ki, vəzifə öhdəliyinin ağlabatan dərəcədə yerinə yetirilməsinə görə mükafat vermək olmaz, əməkdaş buna görə əməkhaqqı alır. Səhv və pozuntunu da qarışdırmaq yolverilməzdir. Yalnız pozuntuya görə cəzalandırmaq olar. Hesab olunur ki, ilk pozuntuya görə cəzalandırılmamaq olar, çünki təsadüf nəticəsində baş verə bilərdi. Həm də pozuntuya yol verən əksər əməkdaşlar üçün onların xətaları barədə rəhbərlərinin məlumatlı olduğunu bilmələri həmin halı təkrarlamamaları üçün kifayət edir.

Bir tip əməkdaş da var ki, pozuntu və ya səhv buraxdığını dərk edəndə özünü daxilən elə cəzalandırır ki, bu, onun üçün rəhbərin tətbiq etdiyi ən sərt cəzadan da ağır olur. Həmin şəxslərin rəhbər tərəfindən cəzalandırılması heç də cəzalandırmanın ali məqsədinə — yanlış davranışın təkrarlanmasının istisna edilməsinə xidmət etmir, onların motivasiyasını məhv edir. Bu tip insanlara, əsasən, mənəvi-əxlaqi motivasiya xasdır, yəni adamlar ilk növbədə hər hansı nemətlər qazanmaq və ya cəzadan yayınmaq motivasiya etmir. Onlar üçün vəzifə borcunu layiqli şəkildə icra etmək hər şeydən üstündür. Təəssüf ki, bu tip motivasiyaya malik olan şəxslərin sayı azlıq təşkil edir. Onlar üçün yaşanmış hadisə ilə bağlı hətta izahat vermək də cəzalandırmaya bərabəridir. Odur ki əməkdaşları motivasiya edən şeyləri çox ciddi analiz etmək və mükafat və cəzalandırma tətbiq edərkən bunları nəzərə almaq idarəetmənin effektivliyini artırmış olur.