blogpost-title

İdarəetmə

Plan B yoxdur

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Bu yaxınlarda tərəfdaşlıq etdiyimiz təşkilatın rəhbəri komandaları ilə səhər yeməyinə məni qonaq qismində dəvət etmişdi. Görüş ticarət mərkəzlərinin birindəki restoranda səhər 9-da baş tutacaqdı. Gecikməyi sevmirəm, amma təxminən 10 dəqiqə gecikmişdim və buna baxmayaraq təyinat yerinə çatanda tədbirin bütün iştirakçılarının restoranın qapısı qarşısında durduqlarının şahidi oldum. Bu vəziyyət təxminən 30 dəqiqə də davam etdi. Məlum oldu ki, restoranın açarı olan əməkdaş işə gecikir və həm qonaqlar, həm vaxtında işi gələn əməkdaşlar səbirlə onu gözləməli oldu. Mənim üçün vaxt tez keçdi, müəyyən müddət əyani görüşmədiyim dəyərli insanlarla xoş ünsiyyətdə oldum. Sonradan restoran rəhbərliyi öz səhvlərini qəhvə hədiyyə etməklə kompensasiya etməyi cəhd etdilər. Amma yenə də hadisə mənfi iz qoydu.

Aydındır ki, adamın başına iş gələ bilər, fors-majordan heç kim sığortalı deyil. Amma restoran bir biznesdir. Yaxşı təşkil olunmuş biznes isə bir adamdan, istər bu adam onu sahibi, istər idarəçisi, istər də sıravi əməkdaşı olsun, asılı olmalı deyil. Bəlkə də, həmin restoranın açarını özü ilə daşıyan əməkdaş biz gəldiyimiz gündən əvvəl 5 il hər gün vaxtında işə gəlib, amma hadisə baş verdi və biznesin buna hazır olmadığının şahidi olduq. Hər kəs sadəcə gözləyirdi. Bu dərəcədə sadə məsələdə B planı yox idi. Biz və başqa gözləyənlər getsəydik, restoranın əldən çıxmış faydası olacaq idi, amma az. Qat-qat daha iri bizneslərdə də hər şey arzuolunan kimi getməyəndə nə etmək lazım olduğunu nəzərdə tutan qaydalar əksər vaxt olmur və bunlarda zərərlər tam başqa həcmdə olur. Dəhşətlisi odur ki, bir çox bizneslərimizin nəinki B, heç A planı da olmur. Dərhal hərəkətə keçmək dayanıb vəziyyəti dəyərləndirmək, plan qurmaqdan o dərəcədə daha üstün davranış kimi qəbul olunur ki, sanki artıq milli genetik kodumuza hopmaq üzrədir. Plansızlıq nəticəsində isə ciddi maliyyə itkiləri, hətta tam müflisləşmələrə çatanlar da az olmur. Ona görə əvvəlcə A, sonra B, lazım gəlsə isə C planlarını da hazırlamaq lazımdır ki, biznes bir-ikigünlük yox, sözün əsl mənasında, dayanıqlı olsun.