Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
Çox vaxt tabe olan şəxslər rəhbərlərinə hər şeyi bilən, hər zaman doğru qərarı verə bilən superqəhrəman kimi baxırlar və rəhbərlər də cəmiyyətdə formalaşmış bu stereotiplə ayaqlaşmağa məcbur olurlar. Etiraf edim ki, idarəedici şəxslərdən bu dərəcədə yüksək gözləntilərin möhkəmlənməsində mənim də payım var. Davamlı olaraq təlimlərdə, müsahibələrdə, sosial şəbəkələrdəki postlarda “rəhbər belə olmalıdır, rəhbər elə olmalıdır” bildirirəm.
Amma rəhbər də adi insandır və bütün insanlara xas çatışmazlıqlar ona da aiddir. O da bəzən səhvə yol verə bilər, bəzən ləng tərpənə bilər, bəzən nə edəcəyini bilməyə bilər və sairə. Maraqlıdır ki, öz səhvlərini görməyən və ya səhv buraxmaq hüququna malik olduqlarını hesab edən əməkdaşlar rəhbərin ən cüzi səhvinə xüsusi önəm verir və ümumən onun səhv etmək haqqını tanımırlar. Misal üçün, məlumat əsrində hər birimiz nəyisə unuda bilirik, rəhbər də istisna deyil. Amma nə isə unudan rəhbər, xüsusən bu işçilərlə bağlıdırsa, dərhal onların gözündən düşür. Paradoksal odur ki, rəhbərin davamlı müsbət nümunəsi işçilərin eyni tərzdə davranması üçün kifayət etmir. Amma rəhbərin bir səhvi belə işçilərə həmin səhvə istinad edib həm özlərinin, həm də digərlərinin gözündə bəraət qazandırmaq üçün kifayət edir.
Bəzən aşırı tələbkarlığın təzyiqinə davam gətirməyən rəhbərlər yanlış davranırlar və yol verdikləri açıq-aşkar səhvləri belə etiraf etmirlər, başqasını günahkar təyin etməyə cəhd edirlər. Amma bununla onlar öz nüfuzlarını qorumaq əvəzinə onu daha da aşağı salırlar. Rəhbərləri məsuliyyətdən azad etmək istəmirəm. Rəhbər hər bir halda ən yüksək iş və davranış standartlarına cavab verməlidir. Amma ətraf da unutmalı deyil ki, rəhbər də adi insandır və bəzən (çox nadirən) səhvlərə yol verə bilər.