blogpost-title

İdarəetmə

Korporativ mədəniyyət

Rəhbərin işçi seçmək haqqı

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Rəhbərin işçi seçmək haqqı olmalıdır, yəni özünə birbaşa tabe olanlar barədə həm pozitiv – işə qəbul, həm neqativ – işdən xaricetmə qərarını vermək. Bəzən praktikada xətti rəhbərlərin bu hüququ məhdudlaşdırılır, üst rəhbərlər isə, tam əksinə, ondan sui-istifadə edirlər.

Müəyyən təşkilatlarda belə qaydalar var ki, xətti rəhbərlər işçi seçimi prosesinə heç cəlb olunmur. Bu işlə insan resursları bölməsi, daha üst rəhbərlər məşğul olurlar. Rəhbərin öhdəliyi vakansiya barədə müvafiq sorğu verməklə məhdudlaşır. Günlərin bir günü onun tələbi qarşılanır və “başbilənlər” tərəfindən seçilmiş əməkdaş təqdim olunur. İndi gəl bu əməkdaşla işlə, onu idarə et və tələb olunan iş nəticələrini təmin et. Məntiq belədir ki, xətti rəhbərlərin kvalifikasiyaları işçi seçimi prosesində iştirak etmək və söz sahibi olmaq üçün kifayət etmir. Həqiqətən, xətti rəhbərlər idarəedici heyət arasında ən az təcrübəyə malik olurlar. Amma bu amil onların işçi seçimi prosesindən tamamən kənarlaşdırılması üçün əsas olmalı deyil. Onlar ən azı işə qəbulda iştirak edib müvafiq təcrübə toplamalı və edilən seçimdə kiçik də olsa, pay sahibi olmalıdırlar. Əks təqdirdə, seçimində iştirak etmədiyi işçinin göstəricilərinə görə rəhbərin üzərinə məsuliyyət qoyulması ədalətsizdir.

Tam əks ssenari də mövcuddur. Müəssisə rəhbəri kiminlə işləmək, kiminlə işləməmək barədə qərar vermək hüququndan sui-istifadə edir və yeni müəssisəyə təyinat aldıqdan sonra mövcud idarəetmə komandası ilə yaxından tanış olmadan, onların güclü və zəif tərəflərinə bələd olmadan rəhbər heyətini tam dəyişir. Bu cür yanaşma müəssisəyə zərər vurur, dəyərli təcrübə gedən komanda ilə birlikdə itir. Müəssisə rəhbərinin komandasını seçmək hüququnu saxlayaraq onun ağlabatan dərəcədə məhdudlaşdırılması faydalıdır. Müəssisə rəhbərinin yeni qoşulduğu komandada ondan əvvəl fəaliyyət göstərən və ona tabe olan üzvlərə əsl şans verəndən sonra komandasını formalaşdırmaq hüququndan sərbəst istifadə etməsi daha faydalıdır.