Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
Yeni il günlərində sosial şəbəkələrdə sahibkar izləyicilərimə belə bir sual verdim: “Siz olmayanda, biznesiniz effektiv fəaliyyət göstərə bilir?” Respondentlərin çoxluğu mənfi cavab verdilər. Təkrar sual verdim: “Siz olmayanda, nəyin hesabına biznesiniz effektiv fəaliyyət göstərə bilir/bilmir?” Məlum oldu ki, burada əsas fərq sistemli idarəetmə ilə bağlıdır. “Bəli” cavabını verən sahibkarlar bizneslərində sistemli idarəetməni qurublar, “xeyr” cavab verənlər isə qurmayıblar. Biznesin muxtar rejimdə effektiv fəaliyyət göstərə bilməsi sistemli idarəetmənin çox əhəmiyyətli üstünlüyüdür. Birincisi, belə biznes daha davamlı olur. İkincisi, sahibkar gecə-gündüzünü biznesə həsr etmir, şəxsi həyatına da diqqət ayıra bilir. Sahibkar biznesə yox, biznes sahibkara xidmət edir. Üçüncüsü, sahibkarın cari işlərdən boş vaxtı qaldığı üçün, o, strateji məsələlərlə məşğul ola, işini böyüdə bilir.
Amma sistemli idarəetmə biznesə təkcə sərbəstlik bəxş etmir. Sistemli idarəetməsi olan qurumlar daha yüksək rəqabət qabiliyyətinə malik olurlar. Onlar dəyişən bazar şəraitinə daha qısa müddətdə uyğunlaşır, qeyri-müəyyənliyə daha hazır olur. Həmin bizneslər daha effektiv xərclərə nəzarət edə bilir və daha mənfəətlidir. Bu cür təşkilatlarda müştəri və işçi məmnuniyyəti daha yüksək olur. Onlar üçün peşəkarları cəlb edib saxlamaq daha asandır. Belə ki, sistemli idarəetmə biznesin müxtəlif parametrlərini daima izləmək, ölçmək və vaxtı-vaxtında zəruri tədbirlərin görülməsini tələb edir. Bu isə həm müştərilərə, həm də işçilərə müsbət təsir edir və onların məmnuniyyətinin artırılmasına xidmət edir. Ən əsası isə müəyyən mərhələdən sonra bizneslər yerində saymağa başlayır. Sistemli idarəetmə olmadan şirkət inkişaf edə bilməz.