Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
Uğur hekayəsi janrı son zamanlar çox dəbdədir. Biznes keyslər hazırlanır, kitablar yazılır, filmlər çəkilir. Şəxslərin və şirkətlərin, bəzən ölkələrin uğurlarından bəhs edilir. Özüm də çoxlu uğur hekayəsi ilə tanış olmuşam. Əvvəllər hamı kimi orada uğur resepti axtarırdım. Lakin nə qədər çox belə hekayə ilə tanış olursan, o qədər aydın dərk edirsən ki, resept nə bir, nə iki, nə də üçdür. Hər kəsin yolu fərqli olub. Kim komandanın inkişafına, kimsə xüsusi korporativ mədəniyyətə və ya inqilabi məhsula, kimsə də başqa faktorlara söykənib. Ən əsası isə hər kəsi əhatə edən mühit başqa olub. Heç bir uğur hekayəsində mühitin bütün təfərrüatları təsvir edilmir. Unutmayaq ki, bir çox halda uğur hekayəsi bir marketinq alətidir və daha effektli olması üçün bəzədilmə halları istisna deyil. Hekayələrdə qəhrəmanların əsasən uğurlarından bəhs edilir. Şübhə doğurmur ki, düzgün qərarlarla yanaşı yanlış qərarlar da az olmayıb, nailiyyətlərlə bərabər məğlubiyyətlər də olub. Amma uğur hekayəsi ikincilərə çox vaxt ayırsa başqa növ hekayələrə aid olacaq 😊 Böyük ehtimalla hekayələrin qəhrəmanları real həyatda supermen deyillər. Odur ki, onlarla müqayisədə bəzi keyfiyyətlərin zəif inkişaf etmiş olduğu oxucuları ruhdan salmalı deyil.
Əsas ideya ondan ibarətdir ki, uğur resepti yoxdur. Biznes-həyat yolunu qət edərkən, hər kəs özünün fərdi uğur reseptini tapmalıdır. Amma yazdıqlarım uğur hekayələrinə tam biganə yanaşmaq təklifi kimi qəbul olunmalı deyil. Belə hekayələri sadəcə dünyagörüşü genişləndirmək, qeyri-standart ideyaları ərsə gətirmək, ilhamlanmaq üçün oxumaq məsləhətdir. Lakin uğur hekayəsindəki addımların kortəbii tətbiq etmək çox təhlükəlidir və böyük ehtimalla uğursuz olacaq. Təsadüfi demirlər ki, surət orijinaldan hər zaman pis olur. Hər birinizə öz uğur hekayənizi yazmağı arzulayıram!