blogpost-title

İdarəetmə

Kommunikasiya

Korporativ mədəniyyət

Biznesin böyüməsinə şərt

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Biznesin böyüməsində çox vaxt əsas maneə keyfiyyətsiz məhsul, müştərilərə zəif xidmət, səhv bazar seqmenti yox, məhz sahibkar və idarəedici heyətin başlarının cari işlərə qarışması və strateji məsələlərə vaxt çatışmazlığıdır. Adətən, biznes ilkin dövrdə bütün xırda məsələləri rəhbərlərin həll etməsinə baxmayaraq inkişaf edir və hər kəs bu tərzdə idarəetmənin düzgün olduğunu və fayda verdiyini hesab etməyə başlayır. Lakin elə gün gəlir ki, qərarverən şəxslərin fiziki vaxt resursu tükənir və onlar biznesi ləngitməyə başlayır.

Bu mərhələdə idarəedici şəxslərin köməyinə yazılı reqlamentlər gəlir (biznes proses təsviri, prosedura, təlimat, blanklar və s.). Nəyin nə zaman necə edilməli olduğu bu sənədlərdə göstərilir və nəticədə, idarəedici şəxs müəyyən iş yükünü daha aşağıya ötürür, özündə isə tək periodik nəzarət funksiyası qalır. Amma idarəedicilər nədənsə reqlamentlər barədə eşidəndə dərhal işlərinin xırdalıqlarının sayını yada salırlar və onların hamısının kağızda əks olunmasının qeyri-mümkünlüyünə əmin edirlər. Rəhbər müəyyən məntiqlə qərar verir və onun iş yükünü azaltmağın yollarından biri həmin məntiqi yazılı təsvir etməkdir. Əgər məntiq sadə deyilsə, yəni müxtəlif faktorların təsirindən asılı olaraq qərarın çoxlu alternativi mümkündürsə, elə bunların da hamısının əks olunması lazımdır.

Müşahidələrimə əsasən, reqlamentlərə mənfi münasibətin səbəbləri müxtəlifdir:

1) Yazmaq qabiliyyətinin zəif olması (bacaran üçüncü şəxslər vasitəsilə asan həll olunur);

2) Nə isə unutmaq və həmin reqlament əsasında fəaliyyət göstərənlərin yanlış qərar qəbul etməsi qorxusu (bu, normaldır, sadəcə hər belə halla qarşılaşdıqda qaydanın məzmunu zənginləşdirilməlidir);

3) Məlumat bölüşməmək istəyi və biznesi özündən asılı vəziyyətdə saxlamaq cəhdi.

Sonuncu hal daha çox muzdlu əməkdaşlarda olur, sahibkar və üst rəhbərlər öz səlahiyyətlərindən istifadə edib bu cür halların qarşısını almalıdır.

Reqlamentlərdən istifadə etməyən biznes müəyyən mərhələdən sonra inkişaf etməyəcək və hər zaman ayrı-ayrı şəxslərdən asılı vəziyyətdə qaldığına görə onun davamlılığı zəif olacaq. Bu şəxs sahibkarın özü olsa belə.