Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
Bəzən rəhbər və darixtisaslı mütəxəssislər davamçı yetişdirilməsi məsələsinə müsbət yanaşmırlar. Bunun iki əsas səbəbi ola bilər. Bəzi insanlar gözəl mütəxəssis olsalar da, öyrətmək bacarıqları heç olmur. Söhbət məktəb təlimindən getmir. Sadəcə, peşə sirlərini bölüşmək, qərarların verilmə məntiqini izah etmək lazımdır. Amma həmin şəxslərin kommunikasiya və sair bacarıqları zəif olduğu üçün bunu edə bilmirlər.
Davamçı yetişdirilməməsinin daha geniş yayılan səbəbi müəssisəni özündən asılı vəziyyətə salmaq və bundan divident almaqdır. Xarici mütəxəssis başa düşür ki, o, gec-tez yerli, daha aşağı əməkhaqqı ilə çalışmağa razı olan şəxslə əvəz olunacaq və “expat” həyatını maksimal uzatmağa çalışır. Yerli mütəxəssis daha da iddialıdır və özünü daimi iş yeri ilə təmin etməyə cəhd edir. Sonuncuları heç anlamıram, çünki darixtisaslı mütəxəssislər o qədər dəyərlidirlər ki, davamçı olduqda belə onlar adekvat çalışdıqda işlərini itirməyəcəklər. Bu cür davranışı özündən əmin olmayan şəxs seçə bilər. Əsl peşəkar isə şəxsi maraqlarını üstün tutub davamçı hazırlamaqdan boyun heç zaman qaçırmaz.
Rəhbərlər və insan resursları bölmələrinə səslənib demək istəyirəm ki, kiminsə şirkəti özündən asılı vəziyyətə salması ilə heç zaman razılaşmayın. Həll yolu bir neçə potensiallı əvəzedici şəxsin seçilməsidir. Tək adamın olmaması şərtdir, çünki bəzən həmin şəxslər də sonra özləri üçün xüsusi şərtlər tələb edirlər. Öyrədən davamçılar üçün inkişaf planı tərtib etməlidir və rəhbər və ya insan resursları bölməsi tərəfindən həmin planın icrası ilə bağlı həm öyrədən, həm öyrədilənlərdən aylıq rəy alınmalıdır. Müəyyən müddətdən sonra öyrədənin məzuniyyət və ezamiyyətdə olduğu dövrdə öyrənənlərin sərbəst işləməsi sınaqdan keçirilməlidir. Öyrədən tərəfindən məsafədən idarəetmə baş vermədiyindən əmin olmaq vacibdir.
Darixtisaslı, yerli və ya xarici mütəxəssis işə qəbul olunarkən davamçının hazırlanması onun qarşısında bir vəzifə kimi razılaşdırılmalıdır. Öyrətməyənləri isə mümkün qədər tez əvəz etmək lazımdır, çünki bunu gec və ya tez etmək tələb olunacaq.