blogpost-title

İdarəetmə

Əməkdaşlarım işi mənim kimi görmürlər

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Rəhbərlər tabe olan işçilərdən danışarkən onların işləri rəhbərlərin özləri kimi görmədiklərindən tez-tez şikayət edirlər və bu səbəbdən həmin işləri özləri görməli olduqlarını bildirirlər. Ənənəvi iki ssenari var. Birində rəhbər işçidən istədiyi nəticəni almadığının şahidi bir neçə dəfə olduqdan sonra yeni tapşırıq olarkən elə əvvəldən onu özü icra edir. Bu halda, adətən, əməkdaşların iş yükü az olur və əsasən, sadə, təkrarlanan işlərdən ibarət olur. Təbii ki, belə şərait işləməyi sevməyənlər üçün mülayim mühitə çevrilir.

Digər variantda rəhbər çoxsaylı uğursuzluqlara baxmayaraq, rəhbər olduğunu unutmur və hər dəfə tapşırığı işçiyə verir və sonradan nəticəni ya özü tamamlayır, ya da düzəliş edir. Ümumiyyətlə, statistikaya görə pis təşkil olunmuş iş yerində işçilər görülən işdə təkrar düzəliş edilməsinə çoxlu vaxt sərf edirlər. Bəzən bu göstərici ümumi iş vaxtının 40%-dək çatır.

Hər iki davranış tərzi düzgün idarəetmədən çox uzaqdır. Ümumiyyətlə, anlamaq lazımdır ki, kimdənsə işi “tamamilə mənim kimi görməsini” gözləmək reallaşa bilməyən bir xəyaldır. Hər kəs fərdidir. Ən detallı şəkildə verilən tapşırıq, davamlı ara nəzarətlər belə 100%-lik nəticəni təmin etmir. Bu problem, xüsusən, mükəmməlliyə meyilli insanlarda özünü büruzə verir. İşin nəticəsi ağlabatan standarta cavab verməlidir. Rəhbərin əsas funksiyası nəticəni işçiləri vasitəsilə əldə etməkdir. Rəhbər işçilərin ardınca hər işdə düzəliş etdikdə onu idarəetməyə vaxtı qalmır. O, fiziki olaraq 1 və ya 2 işçidən çox şəxsin işində düzəliş etməyə çatdıra bilməz. Şərti olaraq hesab etsək ki, işçilər işi rəhbərin istəyinin 90%-i qədər icra ediblərsə, 5 nəfər əməkdaşın cəmlənmiş nəticəsi 450% təşkil edəcək, rəhbər isə işçilərin ardınca düzəliş etməklə təkbaşına maksimum 200% nəticəni əldə edəcək. Odur ki düzgün qaydalar, standartlar, doğru tapşırıq vermə və nəzarət mexanizmləri işin işçilər tərəfindən “tamamilə rəhbər kimi görülməsi”nə gətirməsə də, uyğun keyfiyyətdə görülməsinə səbəb olacaq. Əsas odur ki, rəhbər işçilərin əvəzinə işləyib idarəetməni ikinci plana salmaq xətasına yol verməsin.