Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
Sahibkarlıq kənardan çox cəlbedici görünür. Yüksək qazanc, müstəqillik, sevdiyin işlə məşğul olmaq imkanı, həyatda iz qoymaq şansı və sair səbəblər bir çoxlarını bizneslə məşğul olmağa vadar edir.
Ölkəmizdə sahibkar statusunu mümkün qədər asan əldə etmək üçün də bütün şərait yaradılıb. Bir günə fərdi sahibkar da olmaq, şirkət də təsis etmək olur. Yəqin ki, məsələnin bu hissəsi onun ən asan tərəfidir. Dövlətin dəstəyi tək qeydiyyat prosedurunu asanlaşdırmaqla məhdudlaşmır. Ölkəmizdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi də mövcuddur. Onun vasitəsilə müxtəlif formada biznesə dəstək göstərilir. Bütün bunları görən həm gənc, həm də daha yaşlı nəslin nümayəndələri böyük həvəslə sahibkarlıq fəaliyyətinə başlayır.
Amma araşdırmalara görə, sahibkarlıq bacarığı heç də hər kəsə məxsus deyil. Cəmi 2-3 % insanlarda zəruri keyfiyyətlər mövcuddur. Hətta bütün karyeraları boyu böyük biznesdə çalışmış və ən yüksək postları tutan şəxslər belə çox vaxt sahibkar kimi uğurlu olmurlar. Təsadüfi deyil ki, “sahibkarlıq” anlayışının əksər açıqlamalarında risk sözü mövcuddur. Bu fəaliyyət növünü həyata keçirən şəxslər davamlı risklərlə üzləşirlər. Məhz buna görə də uğurlu iş adamlarının keyfiyyətlərinin sıralamasında strateji düşüncə ilə yanaşı inadkarlıq, yəni sahibkarılığın enişli-yoxuşlu yolunda öz məqsədi istiqamətində adlamaq iradəsini qoruyub saxlamaq bacarığı ön sıralarda göstərilir.
Tanıdığım bir çox uğurlu sahibkarlar var və həmin keyfiyyəti onlarda daim müşahidə edirəm. İnsanlar inanılmaz zərbələr alsalar da, təslim olmurlar, öz yollarına davam edirlər. Aralarında ən bacarıqlıları isə bu sarsıntılardan daha da güclü çıxırlar, yaşadıqları çətinlikləri adi insanın ağlınasığmaz şəkildə öz xeyirlərinə çevirirlər. Digərləri belə vəziyyətlərlə üzləşəndə yalnız xilas olmaq barədə düşünürlər. Amma əsl sahibkarlar başqadır. Aydın məsələdir ki, tək inadkarlıq sahibkar olmaq üçün azdır, amma onsuz mümkünsüzdür.