blogpost-title

Şəxsi inkişaf

Fərdi planlama

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Planlamanın faydaları saysızdır. Bunu dünya, ölkə, sahə, şirkət və hətta fərd səviyyəsində planlama barədə demək olar. Uzunmüddətli, ortamüddətli və qısamüddətli planların hər birinin özlərinə xas xeyirləri var. Ən çətini isə planlama ilə məşğul olmağa başlamaqdır. Çünki onun faydasını görüb bu istiqamətdə iş görmək daha asan olur. Müəyyən vaxtdan sonra isə planlama artıq bir vərdişə çevrilir.

Fərd səviyyəsində qısamüddətli planlamaya başlayanda ondan daha tez yararlanmaq olur və davamı gəlir. Planlama texnikalarının tətbiqinə ən geniş yayılmış etiraz planın hər bir halda dəyişikliklərə uğrayacağı barədə rəydir. Buna müasir dünyanın dəyişkənliyi də xidmət edir. Amma bütün bunlar planlamamaq üçün əsas deyil, əksinə planlama dəyişiklikləri daha mükəmməl idarəetməyə imkan verir. Oxuduğum kitablardan birində belə müdrik fikirlə qarşılaşmışdım: “Planın mövcudluğu müvəffəqiyyətin təminatı deyil, amma onun olmaması məğlubiyyətin qarantiyasıdır”. Ən mükəmməl plan tam icra olunmayacaq, dəyişəcək, bəzən çox dəyişəcək. Lakin planlama vərdişi inkişaf etdikcə cızılan planların keyfiyyətləri artacaq və onlardan yayınma halları azalacaq. Qısamüddətli, yəni günlük və həftəlik plan daim rutin işlərlə məşğul olmamağa, daha qlobal, daha strateji, hazırda yanmayan, amma perspektivdə çox fayda gətirəcək məsələlərə diqqət ayırmağa imkan verir. Uzunmüddətli hədəflərə isə planlama olmadan çatmaq, demək olar ki, heç mümkün deyil.