blogpost-title

İdarəetmə

Kommunikasiya

Korporativ mədəniyyət

İdarəetmə sisteminə zərbə

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Ən məsuliyyətli rəhbərlər belə öhdəliklərini bəzən gecikdirirlər. Adətən bundan ən çox əziyyət çəkən onların işçiləri olur. Rəhbər ilk növbədə özü hesabat verdiyi şəxslər qarşısında öhdəliklərini yerinə yetirir, işinin xüsusiyyəti bunu nəzərdə tutursa, müştərilərə diqqət ayırır, digər məsələlərlə məşğul olur və ən sonda vaxtının qalığını ona tabe olan işçilərə həsr edir. Nəticədə layihənin növbəti addımı 3 gün gecikmə ilə təyin olunur, təchizatçı seçimi ləngiyir və sair. İşçi rəhbərin çox məşğul olduğunu və gərgin işlədiyini görüb onun davranışına anlayışla yanaşır. Lakin digər tərəfdən yaranmış vəziyyətin qurbanı özü olduğunu da hiss edir. Vaxt getdikcə işçi ləngimələrlə barışır və ümumi sürətə uyğunlaşır. Hətta özü də rəhbərinin qarşısında götürdüyü öhdəlikləri gecikdirməyə başlayır. Rəhbər bunu görür və məntiqlə tədbir görməlidir. Amma adam ədalətlidir, ikili standartlara yol vermək istəmir və hesab edir ki, özü gecikmələrə yol verdiyinə görə cəzalandırılmadığı üçün işçini də cəzalandırmaq ədalətsiz olar. Bu vəziyyət təkrarlanandan sonra idarəetmə sisteminə sarsıdıcı zərbə endirilir. Pozuntuya yol verən işçi anlayır ki, cəza almama ehtimalı var. Hətta bu model onu tərəfindən geniş təfsir edilir və tək gecikmələrə yox bütün pozuntulara şamil edilməyə başlanır.

Bir gün rəhbər aşkar edir ki, başçılıq etdiyi qurumun idarə oluna bilmə xassəsi aşağı düşüb. Gecikmələr adi hala çevrilib, tapşırıqlar dəqiq icra olunmur, nizam-intizam axsayır. Vəziyyəti düzəltmək istəyən rəhbər ədalətliliyini kənara qoyub cəzalandırma mexanizminə əl atır. Lakin özü gecikmələri davam etdirir və ikili standartların tətbiqi nəticəsində işçilər arasında şəxsi nüfuzu aşağı düşür. Rəhbər yenə də problemin səbəbini aradan qaldırmadan nəticəsinə diqqət yetirir. Problemin kökündə rəhbərin idarəetməyə kifayət qədər vaxt ayırmaması durub. Bunun səbəbləri isə fərqli ola bilər: mikro menecment, zəif planlama bacarıqları, lazım olandan artıq səlahiyyətlərin mərkəzləşdirilməsi və sair. Odur ki, idarəetmə sisteminin işlək olması ilk növbədə rəhbərin özünün qərarlarından asılıdır.