blogpost-title

İdarəetmə

İdeyalar fəvvarəsinin təhlükəsi

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Biznesdə yenilikçilik hər zaman çox əhəmiyyətli olub, hazırkı rəqabət dövründə isə onun əhəmiyyəti dəfələrlə artıb. Ona görə işə qəbul olunan şəxslərin yenilikçiliyə meyilli olmalarına xüsusən diqqət yetirilir. Sahibkarların çoxu yenilikçi olur. Belə ki, elə onların tamamən yeni ideyaları biznesin bünövrəsində durur. Bəzən yenilikçilik xüsusiyyəti muzdlu idarəçilərə də xas olur. Onlar davamlı yeni ideyaları reallaşdırmaya çalışırlar.

Bunların hamısı yaxşıdır, lakin bir “əmma” var. Yenilikçiləri idarə edən şəxs və ya yenilikçi-rəhbər qeyri-mütəşəkkildirsə, onda yenilikçiliyin faydasından çox ziyanı var. İdarəetmədə buna “alışdırıcı” deyilir. O rəhbər ki, hər gün yeni ideya ilə gəlir və əvvəlkinin tamamlanmasını, yenisinin müsbət və mənfi fəsadlarının ölçüb-biçilməsini gözləmədən onun icrasına başlayır. Belə vəziyyətdən ən çox əziyyət çəkən işçilər və xüsusən mütəşəkkil işçilər olur. Birincisi, şirkətdə dəqiq kommunikasiya qaydaları mövcud deyilsə, rəhbərlər ağıllarına yeni möhtəşəm ideya gələn kimi sutkanın vaxtından asılı olmayaraq əməkdaşlarla əlaqə saxlayırlar. Müəyyən müddətdən sonra işçilərdə rəhbərlə “limitsiz” ünsiyyət daimi stres yaradır. İkincisi, ideyalar, o cümlədən çox dəyərliləri sonadək çatdırılmadığına görə biznes onlardan alacağı faydanı natamam alır. Həmçinin ideyalar icra olunmaqdan əvvəl götür-qoy edilmədiyi üçün resursların bir hissəsi qeyri-səmərəli xərclənir. Üçüncüsü, rəhbərin tez-tez dünənki planları unudub yeniliklər ardınca qaçdığını müşahidə edən işçilər çox vaxt tapşırıqların icrasına başlamağa tələsmirlər. Belə ki, dəfələrlə olub ki, bu gün təcili hesab olunan və icrasına çoxlu səy sərf olunan işlərə növbəti gün ehtiyacın olmadığı müəyyən olunub.

Odur ki rəhbər qeyri-mütəşəkkildirsə və şirkət sistemsizdirsə, yəni planları, onların icra ardıcıllığı, öncəlikləri yoxdursa, ideyalar fəvvarəsi olan əməkdaşlar və xüsusən rəhbərlər şirkət üçün yeni imkanlar yaratmaq əvəzinə daha çox təhlükə mənbələridir.