blogpost-title

İdarəetmə

Şəxsi inkişaf

İnkişafı kimdən başlayaq?

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Bir çox kiçik və orta sahibkarlar, həmin şəxslərə birbaşa tabe olan icraçı direktorlar əməkdaşlarından narazıdırlar. Onlar əksər işçilərin bilik və bacarıqlarının aşağı, işə münasibətinin biganə və əməkhaqqı gözləntisinin yüksək olduğundan şikayət edirlər. Bəli, qeyd olunan problem var, lakin problem təkcə bununla bitmir. Bir çox hallarda tərəzinin digər tərəfi də boş qalır, yəni sahibkar və müdirlər də idarəetmə üzrə “fəlsəfə doktorları” deyil. Təbii ki, elə işçilər var ki, onları idarəetmə nəzəriyyəsinin baniləri də idarə etsə, müsbət nəticə əldə etmək mümkün olmayacaq. Lakin əksər işçilərin effektiv fəaliyyət göstərməsi onların düzgün idarə olunmasından asılıdır. Bunun üçün isə rəhbərlər daim idarəetmə bacarıqlarını inkişaf etdirməlidir.

İnsan həyatın bütün sahələrində olduğu kimi işdə də problemlərin ən böyük səbəbkarının özü olduğunu etiraf etməyə çox əziyyət çəkir. İşçilərin bacarıqsız, bazarda vəziyyətin əlverişsiz, maliyyə resurslarının məhdud olduğundan şikayət etmək özündə problemi görüb, onu aradan qaldırmağa cəhd etməkdən asandır. Maraqlıdır ki, bəzi sahibkar və müdirlər bu qayda ilə on illərlə davam edirlər və bu müddət ərzində onlarla, bəzən yüzlərlə işçiləri dəyişmiş olurlar və eyni problemlərin təkrarlandığının şahidi olurlar. Burada ikinci, eləcə də yeganə ehtimal odur ki, düsturda idarəetmədən cavabdeh hissədə dəyişiklik tələb olunur. İdarəetmə dedikdə təkcə tapşırıq vermək nəzərdə tutulmur. Bütün sistem dəyərləndirilməlidir: kommunikasiya, koordinasiya, hesabatlıq, iş bölgüsü və sair.

İşçilərin inkişafı barədə düşünərkən gərək rəhbərləri də unutmayaq, hətta özümüzdən başlayaq!