blogpost-title

İdarəetmə

Kommunikasiya

Korporativ mədəniyyət

İşçiləri dar çərçivədən çıxaraq

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Bir müşahidəmi bölüşmək istəyirəm. Son dövrlərdə qarşılaşdığım əksər sıravi əməkdaşlar yalnız özləri cavabdeh olduqları dar sahənin inkişafında maraqlıdırlar. Ən yaxşı halda onlar struktur bölmənin uğurunda istəkli ola bilirlər. Misal üçün, istehsalatda çalışan əməkdaş şirkətinin marketinq fəaliyyətinə təkan verəcək təkliflə qarşılaşdıqda və onun çox faydalı olduğunu hiss etsə belə həmin təklifin əlaqədar struktur bölməyə ötürülməsində maraqlı olmur. Təbii ki, işçinin vəzifəsi yüksəldikcə onun şirkət barədə məlumatlılıq dərəcəsi və ümumi uğurda da marağı artır. Nəticədə, qarşına çıxan dəyərli ideya və təkliflərin məsul şəxslərə yönəldilməsi praktikası daha tez-tez qarşılaşır. Bəs sıravi işçilərdə belə davranışın az olması nə ilə bağlıdır?

Problem çoxşaxəlidir. Bəzən işçilər digər struktur bölmələr, hətta özləri çalışdığı bölmələrdə həmkarlarının nə ilə məşğul olduqları barədə xəbərsizdirlər. Olur ki, məlumatlılıq lazımi səviyyədədir, lakin əməkdaşlar və ya struktur bölmələr arasında qeyri-sağlam rəqabət var. Belə olduqda şirkətə fayda gətirən paslaşma barədə söz gedə bilməz. Ən əsas problem isə işçilərin şirkətin qarşısında hansı hədəflər durduğu, hansı planların olduğu, nə çətinliklərlə qarşılaşdığı barədə məlumatsız olmasıdır. Nəticədə, şirkət uduzur.

Həll yolu çox sadədir. Şirkət daxili kommunikasiyanın inkişafına, sağlam korporativ mədəniyyətin formalaşmasına maksimal diqqət yetirilməlidir. Adətən, bu istiqamətdən cavabdeh insan resursları bölmələri olur, lakin nədənsə tez-tez bu vəzifə ən axırıncı plana düşür. Buna qətiyyən yol vermək olmaz. Struktur bölmələr arasında müntəzəm keçirilən işçilərin müvəqqəti rotasiyaları çox yaxşı effekt verir. Korporativ tədbirlər tək əyləncə xarakteri yox, həm də məlumatlandırma funksiyasını daşıması da bəhrəsini verir. Bu məsələdə yaradıcı qeyri-standart yanaşma qısa müddətə vəziyyəti yaxşıya doğru dəyişə bilir. Aşağıdan yuxarıyadək bütün işçilərə özlərini şirkətin əhəmiyyətli parçası olmalarını, gördükləri işin şirkətin nəticələrində payının olduğunu hiss etdirmək lazımdır.