Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
Bəzən şirkətlər vakansiya açılan zaman planlanandan daha yüksək əməkhaqqı ilə əməkdaş işə qəbul edirlər. Burada ciddi fərq, yəni şərti 20 % və ondan artıq məbləğ nəzərdə tutulur. Təbii ki, söhbət məhz mütəxəssis və rəhbər vəzifələrdən gedir. Hadisələrin belə inkişaf etməsinin bir neçə səbəbi ola bilər. Nəzərdə tutulan ilkin əməkhaqqının bazar səviyyəsinə cavab verməməsi, kadr seçimi ilə məşğul olan şəxslərin səriştəsizliyi nəticəsində həm vakansiya üzrə bütün tələblərə, həm də əməkhaqqı təklifinə cavab verən şəxslərin tapıla bilməməsi və ya çox bəyənilən namizədin fərd olaraq məvacib gözləntiləri təklif olunandan yüksək ola bilər.
Hər dəfə yeni əməkdaşı işə qəbul edərkən idarəedici heyət ona xüsusi ümidlər bağlayır. Çünki belə bir mif var ki, bizdə işləyən əməkdaşlar orta statistikdirlər, amma əmək bazarında əsl “canavar-işçilər” var ki, onlardan bir-iki nəfəri tapıb işə qəbul edə bilsək, şirkətimizi göyün yeddinci qatına qaldıracaqlar. Belə düşünən idarəedicilər özlərinə iki sual verməlidirlər. Niyə bizim işçilər orta statistikdir? Niyə həmin “canavarlar” indiyədək şirkətimizə gəlməyiblər? İdarəetmə sistemi orta statistik işçiləri elə çalışmağa vadar etməlidir ki, şirkət göyə “canavar-işçilərsiz” də yüksəlsin. Həmin sistem düz çalışmırsa, onun çərçivəsinə düşən “canavarlar” da, nadir istisnalarla, qısa zamanda orta statistik işçilərin məhsuldarlığına uyğunlaşacaq. Rəhbərlərin zəif idarəetmə bacarıqlarını “canavar-işçilər” hesabına gizlətmək cəhdləri az perspektivlidir.
Yeni işçi ilə bağlı ümidlərinin üstünə həmin şəxsin yüksək əməkhaqqısı gələndə gözləntilər birə-beş, birə-on artır. Rəhbərlərin yol verdiyi səhvlərdən biri odur ki, onlar tez-tez hesab edirlər ki, belə işçilərə münasibətdə idarəetmə alətlərinin tətbiq olunmasına ehtiyac yoxdur. Onlar bu qədər əməkhaqqı müqabilində özləri iddialı planlar quracaq, motivasiya olunacaq, öznəzarət edəcək, geribildirim verəcək və sairə. Xeyr, yüksək əməkhaqqı alan əməkdaş da digərləri ilə eyni dərəcədə idarə edilməli və bütün başqaları kimi kollektivə qatıldığı ilk dövrlərdə xüsusi dəstək almalıdır.