blogpost-title

İdarəetmə

Kommunikasiya

İşgüzar və şəxsi münasibətlər

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Pandemiyadan əvvəl rahat demək olurdu ki, insanların işdə həmkarları ilə keçirdikləri vaxt az qala ailə üzvləri ilə keçirdikləri vaxtdan çoxdur. Məsafədən iş, hibrid rejim bunu bəziləri üçün dəyişdi. Lakin yenə də insan kütləsi var ki, aktiv həyatının əhəmiyyətli hissəsini işdə keçirir. Təbii ki, müəyyən müddət birlikdə çalışdıqdan sonra insanlar arasında şəxsi münasibətlər yaranır. Onlar müsbət də, mənfi də ola bilər. Hər kəs deyir ki, şəxsi münasibətləri işlə qarışdırmaq olmaz. Misal üçün, şirkətin təchizat şöbəsinin əməkdaşı dostluq etdiyi və çox da bəyənmədiyi həmkarlarının sorğularına eyni dərəcədə məsuliyyət və qayğı ilə yanaşmalıdır. Praktika əksər vaxt fərqli olur. Tez-tez şəxsi və iş münasibətləri qarışdırılır və belə hallar, əsasən, mənfi fəsadlara səbəb olur.

Gətirilən misalda dost öz sorğusuna xüsusi yanaşma görmədikdə inciyə bilər və ya sevilməyən əməkdaş istənilən nöqsanı mənfi şəxsi münasibətlərdən irəli gəldiyini hesab edə bilər. Rəhbər və işçi arasında iş münasibətləri dostluğa çevriləndə hər iki tərəf bundan sui-istifadə etməyə cəhd edə bilər: işçidən davamlı əvəzsiz əlavə işləmək tələb oluna bilər və ya rəhbərdən dost-əməkdaş üçün əsassız güzəştlər istənilə bilər. Rəhbər işçinin fəaliyyətinə obyektiv olaraq mənfi qiymət verdikdə işçi bunu çox vaxt şəxsi qəbul edir və onların münasibətləri pozulur. Düzdür, burada rəhbərdən də çox şey asılıdır. Rəhbər işçinin əməllərini dəyərləndirmək əvəzinə mənfi qiyməti onun şəxsiyyətinə bağladıqda özü işçiyə inciklik üçün əsas verir.

Müşahidələrimə görə, son zamanlar cəmiyyətimizdə şəxsi və işgüzar münasibətləri qarışdırmayan adamların sayı artır. Bu hal müsbətdir, zərərli favoritizm, yersiz düşmənçilik işdə aradan qalxır. Amma əksəriyyət hələ də şəxsi və işgüzar münasibətləri ayıra bilmədiyinə görə mehriban komandanın üzvü və yaradıcısı olmaqla yanaşı həmkarlarla ağlabatan məsafənin saxlanması ən doğru yol qalır.