blogpost-title

Korporativ hüquqşünasın əsl statusu

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Korporativ hüquqşünaslara həmkarları tərəfindən əksər vaxt yanlış münasibət bəslənir. Ən geniş yayılmış damğa mirzə statusudur. Hüquqşünaslarda yazma bacarığı kifayət qədər yaxşı inkişaf etmiş olduğu üçün onları birbaşa öz sahələrinə aid olan və olmayan sənədlərin tərtibatına cəlb edirlər. Bəziləri bu rolla razılaşır və heç olmasa, bu formada faydalı olmağa çalışır, digərləri isə ondan qaçmağa və peşəsinin statusunu bərpa etməyə cəhd edirlər. Müəssisəyə yeni qoşulmuş hüquqşünasın vəziyyəti o halda xüsusən çətinləşir ki, onun sələfi mirzə statusunu qəbul etmişdi, o isə həmin statusdan çıxmaq istəyir. Açığı hüquqşünasların özləri də az etmir ki, ətrafdakılar onları faydasız, fərqli və aydın olmayan düşüncə tərzinə malik, mühafizəkar bürokratlar kimi qəbul etsinlər. Hər yenilik təklifinin yolverilməzliyini, detallarını yalnız özləri bildikləri qanunvericiliklə əsaslandıra bilməklə, mövqeyini əksəriyyətə aydın olmayan terminologiyadan istifadə etməklə qəliz dildə ifadə etməklə, zəruri olandan artıq dərəcədə xırda məsələlərə fokuslanıb qlobalları diqqət buraxmaqla və sairə.

Daha təcrübəli və hiyləgər hüquqşünaslar “boz kardinal” statusunda fəaliyyət göstərirlər. Əgər mirzə rolu hüquqşünası aşağılayırsa, boz kardinal adi hüquqşünasdan daha artıqdır. Bu rolda olanlar özləri haqqında elə hərşeyşünas obrazı yaradırlar ki, hüquqi və qeyri-hüquqi, iş və qeyri-iş mövzularında hər kəs onlarla məsləhətləşməyi, xeyir-dualarını almağı özünə borc bilir. Belə yanaşma ilə əvvəlcə həmkarları ələ alan kardinallar sonra rəhbərliyi də ələ alırlar və az qala şirkət idarəçilərinə çevrilirlər.

Normal korporativ hüquqşünasın rolu mirzə və boz kardinal arasında haradasa ortadadır. Amma ortanı tapmaq və saxlamaq hər zaman hər şeydən çətindir.