blogpost-title

Korporativ mədəniyyət

Məvaciblərin məxfiliyi

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Dünyada belə praktika var ki, şirkət açıq əməkhaqqı sistemini tətbiq edir, yəni CEO-dan başlayaraq sıravi əməkdaşadək hər kəs bir-birinin əməkhaqqı və digər güzəştləri barədə məlumatlı olurlar. Əksər yerli şirkətlərimizdə əməkhaqqı məlumatları məxfi hesab olunur. Hər halda belə bəyan olunur. Bu siyasətə baxmayaraq əksər həmkarlar bir-birinin qazancından xəbərdar olurlar. Odur ki qeyd olunan siyasət daha çox iş yoldaşlarının gəlirləri barədə məlumatlığı açıq-aşkar nümayiş etdirib-etdirməməyi tənzimləyir.

Ona görə standartdan daha yüksək əməkhaqqı ilə əməkdaş işə qəbul olunandan sonra qısa vaxt ərzində hər kəs bundan xəbərdar olur. Əgər yeni işçi şirkətin çox spesifik sahəsində fərdi iş görürsə, onun məvacibi həmkarlarda daha az qıcıq yaradır. Vay o günə ki, yeni işçinin tutduğu vəzifə şirkətdə unikal deyil və başqa 3-4 nəfər də analoji mövqedə çalışır. Komanda içində iş nəticələrinə təsir edən narazılıq qaçılmazdır. Sadiq azarkeşi olduğum Moskva “Spartakına” təxminən 20 il bundan əvvəl argentinalı qoleador transfer olunmuşdu və ona komandanın liderlərinin məvacibindən yüksək əməkhaqqı təyin edilmişdi. Oyunçu öz potensialını nümayiş etdirə bilmədi. Futbol meydançasında komanda yoldaşları ona topu az ötürürdü, dəstək göstərmirdilər. Sanki deyirdilər ki, hamımızdan çox qazanırsansa, buyur, nümayiş etdir məharətini. Amma futbol da, biznes də komanda oyunlarıdır. Nadirən tək adam möcüzələr yarada bilir. Ona görə ab-havanı qorumaq üçün yüksək əməkhaqqının məxfiliyini təmin edəcəyinə və ya onun ədalətli olduğunu əsaslandıra biləcəyinə əmin olmayan rəhbərlərin, işçilərin gəlir balansının qorunması daha məsləhətdir.

Karyeranızda siz və həmkarlarınızın aldığı əməkhaqqının fərqi motivasiyanıza təsir etdiyi hallar yaşamısınız?