Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
Kiçik və orta sahibkarlar dəf edə bilmədikləri maneələrlə qarşılaşdıqda və ya ciddi böhran yaşadıqda korporativ idarəetmə sisteminin qurulması barədə düşünməyə başlayırlar. Burada digər tipik vəziyyət ondan ibarətdir ki, sahibkar müxtəlif tədbirlərə əl atsa da, biznesi uzun müddət eyni göstəricilərlə davam edir və sahibkar eyni yanaşma ilə inkişafın mümkünsüz olduğundan əmin olur.
Korporativ idarəetmə sistemini biznesə başlanan vaxt yaratmaq mümkündürmü? Bəli, hətta məsləhətdir. Çünki qaydanı dəyişmək, onu əvvəlcədən düzgün təyin etməkdən çətindir. Lakin reallıqda çox nadir hallarda bu yolla gedirlər. İlkin mərhələdə hər kəs daha çox stabil gəlir, yəni satış və istehsal üzərində fokuslanır. Burada istehsal dedikdə yalnız birbaşa istehsal yox, satış üçün məhsul və xidməti formalaşdıran istənilən fəaliyyət nəzərdə tutulur.
Sahib olduğu biznesdə sistemin qurulmasının vacib olduğu barədə sahibkara gələn siqnallar aşağıdakılardır:
- Biznes sahibkarın normal iş saatlarından daha çox vaxt almağa başlayır və onun iştirakı olmadan effektiv fəaliyyət göstərmir;
- Əməkdaşlar eyni səhvləri təkrarlayır;
- İşçi axını güclənir;
- Biznesdə oğurluq halları baş verir;
- Sahibkar və işçilər arasında daha bir rəhbər heyəti təbəqəsi yaranır.
Bu siqnallara əsasən, korporativləşmə işlərinə vaxtı-vaxtında başlamaqla bir çox daxili böhran və durğunluqdan qaçmaq olar.