blogpost-title

İdarəetmə

Kommunikasiya

Korporativ mədəniyyət

Nəticəsiz səylər

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Ənənəvi milli idarəetmə üslubu nəticə əldə olunmadıqda, lakin işçi nəticəni əldə etmək üçün çox səy göstərdikdə, bunu məqbul hesab edir. Mən də bu yanaşmaya uyğun dəfələrlə hərəkət etmişəm, özümə qarşı onun tətbiqinin şahidi olmuşam. Uzun müddət bu cür davranışı bir norma kimi qəbul edib, onun doğru və ya yanlış olduğu barədə heç düşünməmişəm.

İlk növbədə qeyd etmək lazımdır ki, çox səyin məqbul olduğu yanaşması əksər hallarda həmin səyləri göstərən işçinin motivasiyasını saxlamaqdan irəli gəlir. Başqa məqam odur ki, kollektivdə nəticəni əldə edən işçilərlə yanaşı nə nəticə, nə də səy göstərməyən əməkdaşlar ola bilər. Rəhbər çalışır ki, səy göstərəni bu cür şəxslərdən ayırsın. Bu da ədalət və yenə motivasiya mövzusudur. Bəzən rəhbər çox səy göstərilməsinə baxmayaraq nəticənin əldə olunmaması səbəbkarı özü olduğunu anlayıb işçinin səylərinə məqbul yanaşa bilir.

Nəticə baxımdan səylərin çox olması, az olması və ya heç olmamasının əhəmiyyəti yoxdur. Nəticə ya var, ya yoxdur. Tək səylərə görə davamlı müsbət qiymətləndirmə əməkdaşlarda yanlış davranış tərzi formalaşdırır. İşçi növbəti dəfə də bu cür qiymətləndirməni gözləyir. Belə olduqda isə diqqət mərkəzi nəticədən prosesə, mahiyyətdən formaya yönəlir. Səy nəticə verməlidir və işçi anlamalıdır ki, ondan məhz nəticə gözlənir. Məlumat çatışmazlığı, zəruri dəstək alınmaması, müqavimətlə qarşılaşan əməkdaş nəticəsiz səyləri davam etmək əvəzində vaxtı-vaxtında rəhbərə maneələr barədə məlumat verməlidir ki, zəruri dəstəklə maneələr aradan qalxdıqdan sonra nəticə əldə olunsun. Əksəriyyət üçün bu dəhşətli və rəhmsiz səslənsə də, nəticəyə gətirib çıxarmamış səylərin çox olması müsbət qiymətləndirilməli deyil.