blogpost-title

Şəxsi inkişaf

Peşəkarlıq, yoxsa şəxsi brend?

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

2000-ci illərin ən əvvəlində - karyerama başladığım dövrdə şəxsi brend anlayışı, bəlkə də, var idi, lakin mən onunla tanış deyildim. 22 il ərzində 5 şirkətdə çalışmışam və hər zaman maksimum faydalı olmağa cəhd etmişəm, şirkətin maraqlarını öz maraqlarımdan üstün tutmuşam, davamlı olaraq peşəkarlığımda inkişaf etməyə çalışmışam. Şəxsi PR-ı çox da sevməmişəm və onunla heç zaman məşğul olmamışam. Ona görə konsaltinq sahəsinə keçəndən sonra müəyyən əziyyət çəkirdim, çünki məni tanıyıb müsbət rəy verə bilənlər, əsasən, çalışdığım şirkətlərdəki həmkarlarım idi, onların sayı isə məhdud idi. Konsaltinq işi isə şəxsi brendi, geniş əhatə dairəsini sevir.

Hazırda şəxsi brendlərinə diqqət yetirən çox adam var və onlar peşəkarlıqlarını inkişaf etdirməklə yanaşı, öz peşəkar imicləri üzərində də davamlı çalışırlar və işgüzar dairələrdə geniş tanınmağa cəhd edirlər. Lakin o da var ki, şəxsi brendə çox diqqət ayıranlar arasında peşəkarlıq dərəcələri yaratdıqları brendə çatmayanlar da az deyil. Onları işə qəbul edənlərin ümidləri tez-tez boşa çıxır.

Bu yaxınlarda bir işgüzar görüşdə bu mövzuya toxunduq. Bir neçə mənfi belə hal ilə qarşılaşan gənc idarəedici şəxsi brend məsələsini heç dəstəkləmirdi və mahiyyətin xarici görünüşdən qat-qat əhəmiyyətli olduğu üçün şəxsi brendə diqqət ayırmağa ehtiyac olmadığını hesab edirdi. Öz təcrübəmə istinad edərək bütün karyeraların əvvəlində olanlara üz tutub demək istəyirəm ki, bu məsələdə bir balans lazımdır. Şübhəsiz ki, peşəkarlıq öndə getməlidir. Lakin indiki dövrdə hansı sahədə çalışmağınızdan asılı olmayaraq şəxsi brendə diqqət heç ayırmamaq düzgün deyil. Ona görə “peşəkarlıq, yoxsa şəxsi brend” sualının qoyulması yanlışdır. Peşəkarlıq və ona uyğun şəxsi brend olmalıdır. Peşəkarlar həmin brendi yalnız uğurlu karyeraları naminə inkişaf etdirməməlidir. Bu, həm də işəgötürülənlərin peşəkarlığa uyğun olmayan şəxsi brendlərə aldanma hallarını azaldacaq.