blogpost-title

İdarəetmə

Şəxsi inkişaf

Rəhbər olmaq İSTƏMİRƏM!

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Bir çox idarəetmə təlimlərimizi insanların nəyə görə rəhbər olmaq istədikləri barədə müzakirədən başlayırıq. Müxtəlif səbəblər sadalanır: rəhbər olmaq daha geniş səlahiyyət verir, rəhbər daha müstəqildir, iş daha maraqlıdır, yüksək əməkhaqqı alır, vəzifənin özü uğurun göstəricisidir və sairə. Cəmiyyətdə bir stereotip də var ki, insan iddialı olmalıdır, nəticədə, vəzifə yüksəlişi arzulamayan əməkdaş az qala məzəmmət obyektinə çevrilir. Ona görə ürəyində belə istəyi olmayan da standartlara cavab verən təəssüratı bağışlamaq üçün rəhbər vəzifəsinə can atır. Hərçənd bəzi insanlar təbiətcə idarəedici vəzifəsinə uyğun deyillər və onların özləri üçün də mütəxəssis olmaq daha komfortludur və bu vəzifədə cəmiyyətə gətirdikləri fayda da daha çoxdur.

Apardığım son korporativ təlimlərin birində nisbətən daha təcrübəli iştirakçı yarızarafat-yarıciddi bildirdi ki, rəhbər olub və bu təcrübəni təkrarlamaq istəmir: “Baş ağrısından başqa bir şey deyil. Kiçik əməkhaqqı fərqi var, amma məsuliyyət o qədərdir!” Həqiqətən, rəhbərlik kənardan göründüyü kimi tək şirin deyil. Əlbəttə, çoxlu müsbət tərəfləri var. Amma mütəxəssis rəhbər olanda həyatı köklü dəyişir və buna məqsədyönlü hazırlaşmayan üçün lap çətin olur. Birdən-birə şəxs tək özünə görə yox, həm də komandasına üçün cavabdeh olmağa başlayır. Rəhbərin əsas xüsusiyyəti isə ondadır ki, o, iş nəticələrinin əhəmiyyətli hissəsinin öz əlləri əvəzinə ona tabe əməkdaşlar vasitəsilə təmin edir. İdarəedici karyerasının əvvəlində isə əksəriyyət menecment alətlərinin zəif bilməsi nəticəsində onlardan peşəkarcasına istifadə edib həmin nəticələri əldə edə bilmir. Bu da əlavə gərginliyə səbəb olur.

Rəhbər olmaq – uğurlu karyera və həyatın mütləq şərti deyil. Əgər idarəetmə sizi xoşbəxt etmirsə, digərlərinin təsiri altına düşüb ona can atmağa ehtiyac yoxdur, lakin ürəyinizcədirsə, onda yeni funksiyaya əvvəlcədən hazır olmaq lazımdır.