blogpost-title

İdarəetmə

Kommunikasiya

Korporativ mədəniyyət

Rəhbər üçün qaydalardan istisna

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Rəhbərin işçilərə qarşı tələb irəli sürmək üçün iki növ əsası var. Birincisi, formaldır, yəni tutduğu vəzifədən irəli gəlir. İkincisi, mənəvi əsasdır. Rəhbərin hər iki əsasa arxalanaraq irəli sürdüyü tələblər daha təsirli olur. Amma bəzən belə olur ki, rəhbər mənəvi əsası itirir. Misal üçün, əmək təhlükəsizliyi ilə bağlı şirkətin bütün əməkdaşlarına sərt tələblər irəli sürülür, onların müəyyən hissəsi rəhbər olan əməkdaşlara da şamil olunur, lakin onlar qaydaların həmin hissəsinə belə riayət etmirlər.

Burada qeyd etmək lazımdır ki, ölkəmizdə olduqca yanlış bir mif yayılıb ki, rəhbər qaydalara riayət edərsə, bununla zəiflik nümayiş etdirir və onun nüfuzu aşağı düşür. Əksinə şəxsi nümunə bu cür məsələlərdə çox effektiv bir alətdir. Yazılarımın birində şəxsi nümunənin az olduğunu qeyd etmişdim, amma digər idarəetmə alətləri ilə kompleksdə şəxsi nümunə olduqca effektivdir.

Beləliklə, rəhbər yalnız ona məlum olan səbəblərə görə qaydanı gözləmir, özünə tabe olanlardan isə tam riayət etməyi tələb edir və pozuntular baş verdikcə işçiləri çəkinmədən cəzalandırır. Formal olaraq tam əsası da var. Amma əməkdaş bunu necə qəbul edir? Təbii ki, hesab edir ki, işçilərin və rəhbərlərin bərabərsizliyinin, ümumi ədalətsizliyin daha bir sübutu ilə üzləşib. Rəhbər belə vəziyyətdə qeyri-ardıcıl şəxs qismində çıxış edir.

Bundan da pis o ola bilər ki, rəhbər müvafiq qaydanın müəllifi, özüdür, yəni hansısa üst və ya digər rəhbərin müəyyən etdiyi qaydadan özünə istisna etmir, məhz müəllifliyi özünə məxsus qaydaya riayət etmir. Əməkdaşlar üçün bu ikili standartların ən bariz nümunəsidir. Belə şirkətdə, struktur bölmədə heç zaman sağlam korporativ mədəniyyət formalaşmayacaq, komandada mehribanlıq, birlik olmayacaq. Odur ki qaydadan rəhbər üçün istənilən istisna çox təhlükəlidir və arzuolunmazdır. Amma istisnasız bir yol yoxdursa, bunun səbəbini işçilərə açıq şəkildə çatdırmaq lazımdır və rəhbər üçün bunda utandırıcı bir şey yoxdur.