blogpost-title

İdarəetmə

Korporativ mədəniyyət

Rəhbərəm, ancaq işçim yoxdur

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Son dövrdə şirkətlərimizdə qeyri-rəhbər vəzifələrin rəhbər vəzifələrinə bənzətmə praktikası ilə daha tez-tez qarşılaşmaq mümkündür. Ondan başlayaq ki, rəhbərin qeyri-rəhbərdən ən vacib fərqi odur ki, birincisi iş nəticələrinin əhəmiyyətli hissəsini ona tabe olanlar vasitəsilə əldə edir, ikinci isə həmin nəticələri özü yaradır. Qeyd olunan praktika isə onunla təzahür olunur ki, ikinci qrup şəxslərin vəzifələrinin adlarına rəhbər, müdir, direktor və sair - bu qəbildən olan sözlər əlavə edilməklə üçüncü şəxslərdə onların yüksək korporativ statusa malik olduqları təəssüratı yaradılır. Bəzən həmin vəzifələrdə çalışan şəxslər özləri də həmin statusa malik olduqlarına inanmağa başlayırlar.

Müşahidələrimə görə belə praktika əsasən iki halda tətbiq edilir. Bəzən insan resursları əməkdaşları hər hansı namizədin yüksək vəzifəyə qəbulu tələbini alırlar. Bu tələb sərmayəçilərin qohumları, dostları, asılı olduğu şəxslər və digərləri ilə bağlı olur. Məlum olanda ki, yeni kadr işgüzar keyfiyyətlərinə görə müvafiq vəzifə tutmağa layiq deyil, işə qəbul “süni” statusa malik vəzifələrlə həyata keçirilir. Digər hal, əsasən, şirkətin fəxri əməkdaşları ilə bağlı olur. Hansılar ki, uzun müddət şirkətdə rəhbər vəzifələrdə çalışıblar və bir xeyli fayda gətiriblər, lakin hazırda hər hansı səbəbə görə artıq həmin vəzifəyə uyğun deyillər və ya daha az effektivdirlər. Onların motivasiyalarını qorumaq üçün “süni” statusa malik vəzifələr təsis olunur.

Qeyd olunan praktikanın bir ziyanı varmı? Xüsusən, birinci halla bağlı kollektivin digər üzvlərində müəyyən demotivasiya baş verir. İşgüzar keyfiyyətləri uğun olmayan şəxsin real rəhbər, “süni” rəhbər və ya qeyri-rəhbər vəzifəyə qəbulu digər əməkdaşlar tərəfindən hər bir halda mənfi qəbul olunur. Zənnimcə, ən böyük problem odur ki, təsvir edilən hər iki ssenarinin baş verməsi işçilər üçün şirkətdə formanın mahiyyətdən daha əhəmiyyətli olduğunun bir siqnalıdır. Bəzən belə halın tək olmasına baxmayaraq, əməkdaşlar ağıllarında onu digər sahələrə şamil edib öz işlərinin mahiyyəti əvəzinə formasına diqqət ayırırlar. Bu isə mənfi nəticələrə səbəb olur. Odur ki şirkətlərin “süni” yüksək status verməkdən uzaq olmaları məsləhətdir.