blogpost-title

İdarəetmə

Kommunikasiya

Şəxsi inkişaf

Rəhbərin eşitmək bacarığı

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Belə görünür ki, dinləyib eşitməyi bacarmaqdan asan heç nə yoxdur! Amma dinləmək və eşitmək fərqli şeylərdir. Söhbət nəzakətdən irəli gələrək qarşı tərəfin sözünü kəsməməkdən getmir. Həmsöhbətlə razı olmadıqda əksəriyyət qarşı tərəfin dedikləri barədə düşünmür, özünün gətirəcəyi əks arqumentləri hazırlayır. Nəticədə, digər tərəfin mövqeyi eşidilməmiş qalır. Çox vaxt buna bizim daxilimizdə olan stereotiplər təsir edir. Cavan əmindir ki, yaşlı həyatdan geri qalıb, yaşlı düşünür ki, cavanın hələ təcrübəsi azdır. Rəhbər hesab edir ki, o rəhbər olduğuna görə haqlıdır, işçi elə bilir ki, rəhbər öz yüksəkliyindən vəziyyəti düzgün görmür. Belə misalların sayı hədsizdir. Nəticə isə birdir. Hər kəs öz fikrində qalır və güclünün sözü keçir. Belə formalaşan gələcək isə həm çevrə, həm də güclünün özü üçün heç də hər zaman optimal olmur.

Rəhbərin əsassız demokratiya yaymasının, hər bir məsələdə kollegial qərar verməsinin, hər zaman əməkdaşlarının rəylərini öyrənib konsensusa nail olmasının əleyhinəyəm. Qərar vermək rəhbərin əsas vəzifələrindən biridir və müvafiq səlahiyyət və məsuliyyətlə müşahidə edilir. Hətta xüsusən ödənilir. Həm də demokratiyadan sui-istifadə edənlər də az olmur. Amma vəziyyət tələb edən hallarda tabe olan yaşlıların təcrübəsinə də, cavanların müasir düşüncəsinə də, digər həmkarların rəylərinə müraciət etmək və ən əsası onları eşidib qərar vermək faydalıdır. Mükəmməllik insana xas xüsusiyyət deyil. Hər bir rəhbərin güclü və zəif tərəfləri var və bu, normaldır. Böyük o rəhbər olur ki, zəifliklərini bilib onları neytrallaşdıra bilir, o cümlədən ətrafının hesabına. Yeri gəlmişkən, eşitmək bacarığı qeyri-rəhbər və qeyri-iş həyatında da yalnız fayda gətirir.