blogpost-title

İdarəetmə

Rəhbərin paxıllığı

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Rəhbərlər adi insanlardır və onlara da hamıya aid həm müsbət, həm də mənfi keyfiyyətlər xas olur. Bəzi rəhbərlər daha nüfuzlu, bəziləri daha az nüfuzlu olurlar. Heç də hər zaman ən üst rəhbərlər ən böyük nüfuza sahibi olmurlar. Hərçənd vəzifə dərəcəsinin yüksəkliyi və bundan irəli gələn status əlavə nüfuz qazandırır. Belə hallar olur ki, xətti rəhbər tabe olduğu orta səviyyə rəhbərdən daha yüksək nüfuza malik olur. Hətta bəzən rəhbər olmayan əməkdaşlar da kollektiv içində ən nüfuzu şəxslər kimi qəbul olunurlar. Bu əsasən şəxsi keyfiyyətlər hesabına mümkün olur. Rəhbərin həmin keyfiyyətləri nisbətən zəif olduqda belə hallarla daha tez-tez qarşılaşır.

Belə şəraitə düşən rəhbər, xüsusən şəxsi keyfiyyətləri zəifdirsə, çox zaman yanlış davranır və nüfuzlu əməkdaşa paxıllıq etməyə başlayır. Bu azmış kimi, o həmin şəxsi nüfuzdan salmağa çalışır. Çirkin əməlləri nəticə vermədikdə isə əməkdaşın işdən ayrılmasına cəhd edir. Onun işini qeyri-obyektiv dəyərləndirir, ona psixoloji təzyiqlər göstərir, bəzən xüsusi tələlərə salmağa da cəhd edir. Nəticələr fərqli olur. Bəzən nüfuzsuz rəhbər hədəfinə çatır, bəzən ədalət qalib gəlir.

Rəhbər və ya qeyri-rəhbər əməkdaşın üst rəhbərdən daha yüksək nüfuza malik olması normaldırmı? Bəli, ola bilər. Sağlam rəhbər belə vəziyyətdə nə etməlidir? Birincisi, həmin əməkdaş öz nüfuzundan işini ziyanına istifadə etmirsə, təhlükəli bir şey yoxdur. Əksinə, rəhbər həmin əməkdaşla tərəfdaş olub onun nüfuzundan ümumi işin xeyrinə istifadə edə bilər. İkincisi, rəhbəri komandasında özündən nüfuzlu şəxslərin olması qane etmirsə, həll yolu nüfuzlu əməkdaşın nüfuzdan salınmasında yox, rəhbərin özünün inkişaf etməsi və nüfuzunun yüksəldilməsindədir.

Güclü insanlar güclü insanlarla işləməkdən qorxmurlar, əksinə ətraflarında güclü şəxsləri toplamaqla daha da güclü olurlar!