blogpost-title

İdarəetmə

Korporativ mədəniyyət

Rəhbərin vaxtında işə gəlməməyi

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

İşə vaxtında gəlmək mövzusu bir tərəfdən çox sadə, digər tərəfdən isə kifayət qədər mürəkkəbdir. İllərin təcrübəsinə malik idarəedicilərin yanaşması fərqlidir. Kimsə hesab edir ki, əməkdaşların işə vaxtında gəlməyi üçüncü-dördüncü dərəcəli məsələdir, digərləri isə buna kifayət qədər ciddi yanaşırlar. Amma əksər həm rəhbərlər, həm də işçilər hesab edirlər ki, rəhbərin işə vaxtında gəlməməyi normaldır. Təbii ki, bu cür hesab edən əməkdaşlar rəhbər vəzifəyə təyin olunandan sonra eynən bu cür davranmağa başlayırlar.

Bəs rəhbərləri işə gecikməyin norma olduğunu düşünməyə digər rəhbərlərin davranışından başqa nə vadar edir? Bəzi şəxslər üçün rəhbər olmaq əlavə vəzifə və məsuliyyətdən çox, statusdur. Onlar bu statusu hər mümkün məqamda vurğulamağa cəhd edirlər. Həmin statusun xırda əlamətlərindən biri əməkdaşlardan gec işə gəlməkdir. Rəhbər sanki özünün sıravi əməkdaşlardan fərqli olduğunu vurğulayır. Elə bu tip davranışlara bəzi müəssisələrdə əmək təhlükəsizliyi qaydalarına zidd rəhbərlərin dəbilqə geyinməməklərini aid etmək olar. Elə bil rəhbərləri təhlükədən hansısa ali qüvvələr qoruyur. Bəzi rəhbərlər kifayət qədər gərgin rejimdə çalışdıqları və çox zaman hər kəsdən 2-3 saat gec işdən ayrıldıqları üçün işə gec gəlməklə özlərinə kiçik kompensasiya edirlər. Digərləri isə sadəcə daxil nizam-intizam çatışmadığına görə onlar daim işə gec gəlirlər. Elə rəhbərlər də var ki, onlar əməkdaşları kimi eyni vaxtda işə başlayırlar, səhərlər ofisdən kənar görüş təyin edirlər, lakin əməkdaşları bunu bilmədən rəhbərlərinin işə gec gəldiyini düşünürlər.

Əgər şirkətdə işin başlama vaxtı barədə qaydalar varsa, vəzifədən asılı olmadan hər kəs bu qaydaya riayət etməlidir. Nə muzdlu rəhbər, nə sahibkar təyin olunmuş qaydaları diqqətə almamaqla idarəetmə sisteminin stabilliyini pozmamalıdırlar. Vurğulayım ki, hər kəsin vaxtında işə gəlməyi idarəetmə sisteminin yüksək səviyyədə olduğunun əsas göstəricisi hesab etmirəm. Bu, sadəcə bir elementdir. Başqa məsələ isə odur ki, sabit iş vaxtı konkret müəssisənin fəaliyyət sahəsi üçün nə dərəcədə əhəmiyyətlidir. Amma bu başqa yazının mövzusudur...