blogpost-title

İdarəetmə

Kommunikasiya

Rəqəmsal transformasiya və biz

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Rəqəmsal transformasiya barədə hər yerdə eşitmək olur. Ölkəmizdə öndə gedən şirkətlər hələ 10-15 il əvvəl bu prosesə başlayıblar, amma texnologiyaların inkişafı onları yollarına davam etməyə məcbur edir. Bir qədər gecikən iri təşkilatlar aktiv şəkildə prosesə indi qoşulublar. Şirkətimizin göstərdiyi xidmətlər arasında da rəqəmsal transformasiya yer alır. Amma kiçik və orta biznesin bəzi nümayəndələrini görəndə rəqəmsal transformasiyadan hələ çox uzaqda olduğumuzu düşünməli olursan.

İş adamlarını birləşdirən Marsol Groupun növbəti gözəl təşəbbüsü və təşkilatçılığı ilə bu yaxınlarda I Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi keçirilmişdi. Həm peşə, həm vətəndaş marağından sərgini ziyarət etdim, iştirakçılarla tanış oldum. Bir neçəsi həm potensial müştəri, həm təchizatçı kimi maraqlı gəldi. Sərgi kataloqundakı əlaqə vasitələri ilə ünsiyyət qurmaq istədik və çox məyus edən bir hal ilə qarşılaşdıq. Bir neçə şirkətin veb-saytı işləmirdi, digərinin elektron poçt ünvanı “mail.ru”da yerləşirdi. Bir tərəfdən rəqəmsal transformasiya, digər tərəfdən də adi vizit kartı-saytın mövcud olmaması heç uzlaşmır. 30 ildən artıqdır ki, saytlar mövcuddur. Hazırda şirkətin fiziki ofisi olmaya bilər və şirkət uğurla fəaliyyət göstərə bilər. Bu meyil xüsusən pandemiyadan sonra güclənib. Amma internetdə virtual təmsilçiliyi olmayan şirkət sanki yoxdur. “Google”da adı çıxmayan, sosial şəbəkələrdə təmsil olunmayan şirkət avtomatik şübhə doğurur və ya çox geridə qalmış kimi qəbul olunur. Bu yanaşmaya heç bir izah verə bilmirəm, bildiyimə görə ən sadə vizit kartı-saytın yaradılması 500-3000 manata başa gəlir. Adam necə sahibkarlıqla məşğul olub virtual təmsilçiliyin əhəmiyyətini dərk etməyə bilər?! Müştəri o qədər çoxdur ki, biznesin onlardan virtual aləmdə gizlənmək imkanı var?

İş birliyi qurmaq istədiyiniz və əlaqə vasitələrini tapa bilmədiyinizə görə çətinlik çəkdiyiniz şirkətlərlə sizlər də qarşılaşmısınız?