blogpost-title

İdarəetmə

Korporativ mədəniyyət

Şəxsi inkişaf

Sahibkar biznesinin qulu olmalı deyil!

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Sahibkar olmaq barədə qərar vermək o qədər də asan deyil. Hər kəs buna fərqli yolla gəlir. Kimi parlaq biznes-ideya ruhlandırır, kim başqasına tabe olmağı özünə yaraşdırmır, kim başqaları üçün işləyərək təcrübə yığıb öz biznesini qurmaq barədə qərar verir və s. Hər bir halda bu qərar insanın həyatı boyu verdiyi ən mühüm qərarlardan biridir və hər kəs gələcəyə nikbin baxır. Hamı uğurlu biznes sahibi olmaq hədəfləyir. Bu isə stabil və yüksək gəlir, status, müstəqillik, iddialı hədəflərin icrası deməkdir.

Təəssüf ki, əksər bizneslər 2 yaşına belə çatmır. Qalanların isə kiçik hissəsi 10 yaşı ötür. Yenə də səbəblər müxtəlifdir. Biznes-ideya bazara uyğun olmaya, hər hansı mərhələdə maliyyə sıxıntısı yaşana, real biznes həyatı sahibkarın təsəvvüründəkindən daha çətin və az cəlbedici ola bilər və s. Ümumən hesab olunur ki, insanların yalnız 3-5% sahibkar ola bilər. Digərləri buna uyğun deyillər ya bunu heç istəmirlər.

Beləliklə, əvvəlcə 2, sonra isə 10 il həddini keçən sahibkar artıq qəhrəmandır, başqalarından əhəmiyyətli fərqlənir. Konsaltinq layihələrimiz çərçivəsində belə adamlarla tez-tez qarşılaşırıq. Onlar müəyyən mərhələyə bizneslərini çatdırıblar və qarşılaşdıqları və davamlı adlaya bilmədikləri maneələrin öhdəsindən gəlmək üçün menecment konsaltinq şirkətinə müraciət edirlər. Həmin şəxslər maliyyə baxımından uğurludurlar, uğurlu sahibkar statusuna malikdirlər. Lakin onların əksəriyyəti çox yorğun olur və nailiyyətlərinə baxmayaraq kənardan çox da xoşbəxt görünmür. Müşahidələrimə görə onların çoxunu birləşdirən odur ki, onlar öz bizneslərinin “quluna” çevriliblər. Sahibkarlar hər gün axşamadək ofisdə və ya işgüzar görüşlərdə, nadir istirahət vaxtlarını telefondan ayrılmadan, daimi biznesləri barədə düşünərək keçirir. Kənardan bizneslərinin onlara yox, onların bizneslərini xidmət etdiyi təəssüratı yaranır. Bəzilərini belə vəziyyət o həddə çatdırıb ki, onlar bizneslərinin verdiyi bütün bəhrələrindən imtina etməyə belə razıdırlar. Bunun qarşısını alan əsas faktor da odur ki, adamlar illər boyu çəkdiyi əziyyəti itirmək istəmirlər, işlə təmin etdikləri adamların qarşısında məsuliyyət daşıyırlar. İzah edəndə ki, əslində biznesi elə qurmaq olar ki, sahibkarın özündən asılılıq o dərəcədə olmasın, onun iş həyata ilə yanaşı şəxsi həyatı da olsun bəzən heç inanmırlar.

Təsvir edilən vəziyyətin yaranmasına bir nömrəli səbəb idarəetmə sistemin düzgün qurulmamasıdır. Sahibkar biznesinin inkişaf etməsinə baxmayaraq, başlanğıca olduğu kimi, bütün ipləri öz əlində saxlayır, bütün qərarları özü verir, bütün məsələlərin xırdalıqlarınadək özü nəzarət edir. Beş nəfər işçi ilə bu mümkündür, on nəfərlə bu çətindir, iyirmi və daha çox ilə isə qeyri-mümkündür. Əksər belə şirkətlərdə təşkilati strukturda xətti rəhbərlər də var. Təbii ki, onların elə əsas məqsədi üst rəhbərin yükünü azaltmaq və idarəetmənin effektivliyini artırmaqdır. Lakin sahibkar şirkətini bu rəhbərlər olmadan inkişaf etdirərək bugünkü günə gətirib və sahibkar öz idarəetmə vərdişlərini dəyişmək istəmir. Birinci şəxs bəzən işçilərlə kommunikasiyasını həmin rəhbərlərdən kənar həyata keçirir, birbaşa göstəriş verir və ya hesabat istəyir, bütün qərar vermə səlahiyyətlərini özündə saxlayır. Nəticədə xətti rəhbərlər ya tam artıq və ya kommunikasiyadakı ara alətinə çevrilir. Onlar sahibkardan aldıqları göstərişləri heç bir emal etmədən aşağı yayımlayır və aldıqları məlumatı əks istiqamətdə ötürür. Kənardan da belə görünür ki, şirkət inkişaf edir və təşkilati struktur şirkətin qarşında duran yeni vəzifələrə uyğun inkişaf edir və idarəetmə bir neçə pilləli olur. Nəticədə isə başda olanın işi gündən günə artır, əvvəl müştəri sayı 10 idi, indi 110, əvvəl 15 təchizatçı ilə işlənirdi, indi 115, qabaqlar həftədə 1 toplantı keçirilirdi, indi isə gündə 2 toplantıda iştirak etmək lazımdır.

Sahibkara məsləhət verəndə ki, tabeçiliyinizdə olan rəhbər işçilərə səlahiyyət vermək lazımdır, bildirir ki, onlar işləri mən istədiyim şəkildə görmürlər, məcburam özüm hər şeyin dalınca qaçım. Sual verəndə ki, arzuladığınız nəticə hər hansı sənəddə təsvir olunub, görülməli düzgün tədbirləri göstərən prosedura və ya təlimat varmı, mənfi cavab alırsan. Hər şey insanın beynindədir. Dəqiq və ətraflı vəzifə səlahiyyətləri cədvəlindən heç söhbət belə getmir. Bunlar bir pilləlidən mürəkkəb olan istənilən idarəetmə sisteminin ən təməl alətləridir. Kadr və zaman resursları olduqda öz daxili imkanları hesabına, olmadıqda kənardan ixtisaslaşmış təşkilatlardan dəstək almaqla bu məsələləri həll etmək mümkündür. Həmin alətləri düzgün istifadə etmək üçün sahibkarın ya biznes-ədəbiyyat və ya xüsusi təlimlər vasitəsilə idarəetmə tərzində dəyişiklər etməsi də vacib şərtdir. Bundan sonra sahibkar 12-14 saatını işdə keçirməyəcək, ailəsi, dostlar və çevrəsinə, hobbilərinə vaxt sərf edəcək və biznesi qurarkən ağlında canlandırdığı həyat tərzinə daha yaxın həyat yaşamağa başlayacaq.