blogpost-title

İdarəetmə

Sahibkar və muzdlu idarəçi

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Sahibkarın həyatında belə mərhələ olur ki, o, biznesinin idarə olunmasını muzdlu idarəçiyə ötürür. Bunun səbəbləri müxtəlif ola bilər: sahibkar biznesdən fiziki və ya mənəvi cəhətdən yorulub başqa bizneslə məşğul olmaq istəyir, həyatının digər sahələrinə daha çox diqqət ayırmağı planlayır, böyümüş biznesini idarə etmək üçün kifayət qədər bilik və bacarığa malik olmadığını anlayır (praktikada çox nadir hallarda qarşılaşır) və sairə.

Yeni rola əksəriyyət uyğunlaşa bilmir. Təbii ki, sahibkarın şirkətinə muzdlu direktor cəlb etməsi onun biznesdən tam kənarlaşması demək deyil. Strateji məsələlər üzrə qərarlar onda qalır. Amma çox vaxt sahibkar bununla məhdudlaşmır. Onun ağlına sığmır ki, onun “əziz övladı” olan biznesi neçə kənar şəxs tərəfindən idarə oluna bilər. İllərlə sahibkarın özünün verdiyi operativ qərarlar necə onsuz verilə bilər və sairə. Nəticədə, sahibkar kiçik fasilədən sonra muzdlu idarəçinin işinə daha sıx müdaxilə etməyə başlayır. Onun fikrincə, hər səhv qərardan sonra həmin idarəçinin səlahiyyətləri məhdudlaşdırılır. Bu qaydada müəyyən müddət davam edəndən sonra operativ idarəetmə yenə sahibkarının özünə qayıdır və onda sual yaranır ki, muzdlu idarəedici nəyə lazımdır, ona yüksək əməkhaqqı niyə ödənilməlidir, vəd edilmiş bonus nəyə xidmət edir. Beləliklə, sahibkar biznesindəki öz “tarixi missiyasına” qayıdır, kənar idarəedici isə ya tam kənarlaşdırılır, ya da formal rolla qane olur.

Hər bir biznes gec-tez kənar idarəçiyə ötürülməlidirmi? Xeyr, əgər sahibkarın motivasiyası qalıbsa, onun bilik və bacarığı böyümüş biznesi uğurlu idarəetməyə imkan verirsə, buna ehtiyac yoxdur. Lakin bir çox hallarda şirkətin yerində saymaması üçün peşəkar idarəçinin cəlbi zəruridir. Bu transformasiyadan biznesin və sahibkarın uğurla keçməsi üçün sahibkarın doğru seçim etməsi, dəqiq səlahiyyət bölgüsü aparması, nəzarət mexanizmi qurması və psixoloji cəhətdən hazır olması həlledici faktorlardandır.