blogpost-title

İdarəetmə

Təcrübəsiz işçinin üstünlükləri

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Bu barədə bir neçə dəfə yazmışam. Əksər işəgötürənlər təcrübəli əməkdaşları işə qəbul etməyə meyillidir. Cavan və təcrübəsiz kadrlar hər zaman bundan şikayət edirlər və bunu iş tapmaqda qarşılaşdıqları çətinliklərin əsas səbəblərindən biri kimi qeyd edirlər. İşəgötürənlərin məntiqi sadədir. Onlar işçinin yetişdirilməsinə vaxt sərf etmək istəmirlər, xərc çəkib hazır kadr əldə etməyə üstünlük verirlər. Həm də hesab edilir ki, təcrübəsi olan şəxsin işə uyğunlaşması daha asan olacaq. Lakin təcrübəli işçinin üstünlükləri ilə yanaşı zəif tərəfləri də var. Əsas da odur ki, təcrübə insanda nəyin mümkün olduğu və nəyin mümkün olmadığı, nəyin düzgün və nəyin yanlış olduğu və digər bu cür stereotiplər yaradır və əksəriyyət bu psixoloji çərçivələrdən sonra çıxa bilmir. Yəni təcrübəli işçini onun təcrübəsindən kəskin fərqlənən qaydanın norma olduğuna inandırmaq çox çətindir.

Məşhur Henri Ford klassik mütəxəssisləri işə götürmədiyini vurğulayırdı. O deyirdi: “Bütün ağıllı insanlar belədir, onlar o dərəcədə ağıllı və təcrübəlidirlər ki, bu və digər şeyi nəyə görə etmək mümkün olmadığını dəqiqliklə bilirlər, hədləri və məhdudiyyətləri görürlər”. Yəqin, ona görə hazırda əksər startapların kökündə cavanlar durur.

Təbii ki, CEO və ya top-menecer işə qəbul edərkən təcrübəsiz universitet məzunu götürmək məntiqsiz və təhlükəli olar. Amma bir çox vakansiyaya təcrübəsiz kadrları qəbul etmək mümkündür və bunun müsbət tərəfləri var. Həmin şəxslər daha açıqfikirli və yaradıcı olacaq, onlar şirkətin korporativ mədəniyyətinin tələblərinə daha asan uyğunlaşdırıla biləcək və digər təcrübələri olmadığına görə bu mədəniyyəti bir norma kimi qəbul edəcəklər. İşəgötürən bir heykəltəraş kimi təcrübəsiz şəxsdən bütün korporativ lekallara uyğun gələn xəyal-işçini yarada bilir.