blogpost-title

İdarəetmə

Korporativ mədəniyyət

Tək sorğuları icra etmək azdır

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Dəstək funksiyasını yerinə yetirən əksər əməkdaşların iş həcmi onlara gələn sorğulardan asılıdır. Yəni sorğu çoxdursa, işləri çoxdur, sorğu azdırsa, işləri azdır, sorğu yoxdursa, işləri də yoxdur. Bəzən işlər bu qaydada illərlə, hətta on illərlə davam edir, həm də tək sorğuları layiqincə icra edən əməkdaşlardan vəzifə yüksəlişi alanlar da az olmur. Bu da onun göstəricisidir ki, dəstək funksiyalarının belə çalışması digərləri tərəfindən də normal qəbul edilir.

Əsas problem odur ki, həmin funksiyanı idarə edən şəxsi ona tabe olan əməkdaşlar tərəfindən yalnız sorğuların emalı ilə kifayətlənmələri qane edirsə, bu funksiya inkişaf etmir. Nə dərəcədə vaxtlı-vaxtında, nə dərəcədə keyfiyyətlə sorğular icra olunursa-olunsun, inkişafa istiqamətlənən layihələr həyata keçirilməsə, bu struktur bölmə daim eyni yerdə qalacaq. Müşahidələrimə görə, bu cür yanaşma ən çox maliyyə, hüquq, kargüzarlıq funksiyalarını icra edən struktur bölmələrdə qarşılaşır. Nədənsə bu sahələrdə çalışanlar daha mühafizəkar olub inkişaf layihələrinə az diqqət ayırırlar. Onlara irad tutanda isə bildirirlər ki, əsas funksiyaları cari işlərini keyfiyyətlə və vaxtında görməkdir və onlar bu vəzifələrinin öhdəsindən layiqincə gəlirlər. Amma razılaşaq ki, şirkətin bütün digər qolları inkişaf etdikdə bir-iki istiqamətin illərlə eyni qaydada işləməsi gec-tez ayaqlaşmamaya gətirib çıxaracaq.

Əmin edirəm ki, istənilən bölmədə işi daha sürətlə, daha az resurs xərcləməklə və ya daha yüksək keyfiyyətə görmək olar və mükəmməlliyin həddi yoxdur. Dəstək funksiyasının nə dərəcədə yaxşı icra olunmasından asılı olmayaraq rəhbərin reaktiv yanaşması yol verilməzdir. Rəhbər hər zaman özündən, tabe olanlardan inkişafı düşünmək və bu istiqamətdə fəaliyyət göstərmək tələb etməlidir. Biznes, rəqabət, müasir dövr proaktivlik tələb edir.