Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
Şirkətləri iki şərti qrupa bölmək olar. Bir qrupda oturuşmuş təlim və inkişaf sistemləri mövcuddur, davamlı olaraq əməkdaşlar təlim və digər inkişaf fəaliyyətlərinə cəlb olunurlar. Digər qrupa isə, o, şirkətləri aid etmək olar ki, onlar çalışanların inkişafına heç sərmayə qoymurlar. Orta yanaşmanı tətbiq edən, yəni əməkdaşlarını ara-sıra təlimlərə cəlb edən şirkətlər azlıq təşkil edirlər. Paradoks ondadır ki, hər iki qrupa aid şirkətlərin əməkdaşları təlimlərin sayından narazıdırlar. Birincilərin əməkdaşları təlimlərin sayının çox olduğunundan, davamlı cari işlərdən ayrılmaqdan şikayət edirlər. İkincilərdə çalışanlar isə narazılıq edirlər ki, təlimlərə heç cəlb olunmurlar.
Onların narazılığını anlamaq asandır. Gördüyü işin başqa həll yollarını öyrənmək, analoji işlə məşğul olan həmkarlarla fikir mübadiləsi aparmaq, ümumən indiyədək etdiyinin düzgün və ya yanlış olduğunu dəqiqləşdirmək istəyi olduqca sağlam və başadüşüləndir. Barəsində başqalarından eşitdikləri “treninq”in dadına baxmaq arzusu ilə yaşayanlar da az qarşılaşmır. Təlim xaricdə olsa, lap gözəl. Necə deyərlər, həm ziyarət, həm ticarət.
Davamlı təlimlərlə təmin edilənlər isə insan psixologiyasına xas tipik xətaya yol verirlər. Əlçatan olan nemətin dəyərinə varmır, pisi görmədən yaxşını dəyərləndirmirlər. Buna təlimlərin faydasını dərhal hiss etməyin nadirən mümkün olması da təsir edir. İnkişaf fəaliyyətləri daha çox uzunmüddətli effekt verir. İnsanların çoxluğu isə qısa vədəli düşünməyə meyillidir.
Odur ki şirkətlərdə təlimlərin təşkilindən cavabdeh şəxslərin təsvir olunan “naşükürlüyə” əhəmiyyət vermədən şirkət və işçilərin inkişafına yönələn çətin və faydalı işlərini səbirlə davam etmələrini arzu edirəm. İnsanlar isə narazılıq etməyə hər zaman səbəb tapacaqlar.