blogpost-title

İdarəetmə

Kommunikasiya

Korporativ mədəniyyət

Top-menecerə tabelik

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Dostlarım arasında çoxlu top-menecerlər var və onlar bəzən irad bildirir ki, rəhbərlər, onların davranışı, idarəetmə tərzi barədə davamlı yazıram və tabelikdə olanlara isə az diqqət ayırıram. Buna cavabım hər zaman eynidir. Araşdırmalara əsasən, 80% işçilər nə qədər yaxşı idarə olunurlarsa, o qədər də yaxşı işləyirlər. Məhz bu səbəbdən əsas diqqətim rəhbərlərə yönəlib. Lakin onu da etiraf etməliyəm ki, işçi qüvvəsi arasında qeyri-rəhbər vəzifələrdə çalışan əməkdaşların sayı rəhbərlərdən çoxdur. Onları unutmaq düzgün olmaz. Ona görə bu yazı işçi prizmasından irəli gəlir.

Təsəvvür edək ki, davamlı xətti rəhbərə tabe olmuş işçi vəzifə yüksəlişi və ya hər hansı struktur dəyişikliyi nəticəsində top-menecerin birbaşa tabeçiliyinə keçir. Hamıya məlumdur ki, yüksək vəzifədə çalışan şəxslər, adətən, çox məşğul olur, iş vaxtlarının əksər hissələrini toplantı və təkbətək görüşlərdə keçirirlər. Təcrübəmdə elə dövrlər olub ki, iş həftəsi ərzində 20-25 iş saatı toplantılarda olmuşam. Adətən, bu cür şəraitdə çalışan top-menecer yeni əməkdaşı digər əməkdaşlar kimi idarə etməyə başlayır, yəni ona məhdud vaxt ayırır. Həmin şəxs isə bunu görüb, işinə az dəyər verildiyini və ya rəhbərin ondan narazı olduğunu düşünməyə başlayır. Əməkdaş öyrəşib ki, xətti rəhbər gün ərzində bir-iki dəfə onunla iş və qeyri-iş mövzularında danışır, işi ilə bağlı davamlı geribildirimlər verir. Yeni şərait isə tam fərqlidir. O, top-menecer olan rəhbərbəri ilə həftədə bir dəfə ya görüşə bilir, ya bilmir. Həmin görüşlər də əvvəlkilərdən fərqli keçir. Top-menecer arzulayır ki, əməkdaş konkret məsələlərlə, qərar tələb edən hallarda zəruri olan bütün məlumatlarla, idealda konkret təkliflərlə gəlsin və mümkün qədər lakonik olsun. Bu nəticəsini almayan top-menecer işçidən narazı olmağa başlayır. İşçi isə nə baş verdiyini sonadək anlamadan özündə xəta axtarmağa başlayır və özgüvəni azalır.

Həll ondadır ki, həm işçi anlasın ki, daha yuxarı səviyyə rəhbərlə başqa tərzdə işgüzar kommunikasiya tələb olunur, həm də rəhbər işçiyə öz gözləntisini açıq bildirsin. Yenə də vəzifənin böyük payı rəhbərin üzərindədir.