blogpost-title

Şəxsi inkişaf

İş və şəxsi həyatın balansı mütləqdirmi?

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Artıq uzun illərdir ki, iş və şəxsi həyat balansı aktual mövzuya çevrilib. Hesab olunur ki, bu balans olmadan həyatın bu və ya digər hissəsi zərər çəkəcək. Belə ki, işə daha çox diqqət yetirənlərin şəxsi həyatında problemlər yaranır və ya əksinə. Zamanın idarə olunması texnikalarının tətbiqi həmin balansı əldə etməyə və ya ən azı ona yaxınlaşmağa kömək edir. İş və şəxsi həyatda balansın gözlənilməsi bəziləri üçün müqəddəs qaydaya çevrilib. Nisbətən gənc nəslə bu yanaşma xüsusən xasdır. Onlar həmin balansı mümkün qədər qorumağa çalışır və pozulma cəhdlərinin qarşısını sərt alırlar.

Cəmiyyətdə “balans yaxşıdır”, “əsas balansı əldə etməkdir” və sairə - bu kimi stereotiplər formalaşıb. Müəyyən mənada bununla razı deyiləm. Bəzən insanlar qarşılarına elə qlobal hədəflər qoyurlar ki, balansı pozmadan onlara çatmaq mümkün deyil. Möhtəşəm nəticə əldə etmək istəyiriksə, adətən, nə isə qurban vermək lazımdır. Misal üçün, inqilabi məhsulu bazara çıxarmaq arzusundayıqsa, yeni yaratdığımız şirkətin bazarın çox hissəsini zəbt etməsini hədəfləyiriksə, ölkəmizin hər hansı sahədə fantastik sıçrayış etməsi xəyalındayıqsa, həftədə 40 saat işləməklə buna nail olmaq mümkün deyil. Balansı məqsədyönlü pozmaq lazım olacaq. Özü də tək özümüzün yox, komandamızın da. Burada vacib məsələ odur ki, arzulanan nöqtəyə çatandan sonra balansa qayıtmaq barədə ən azı düşünülsün, çünki iddialı layihələr çox vaxt uzunmüddətli olduqlarına görə işin daimi öncəliyi həyat tərzimizə çevrilir. Bir də başqa diqqət ediləsi məqam naminə çoxlu qurbanların verildiyi hədəflərin qloballığında əmin olmaqdır. Etiraf edək ki, bir çox insanlar cari məsələlərin əhəmiyyətini əsassız şişirdərək özlərini aldadırlar və bununla işi şəxsi həyata nisbətən üstün hesab etməklərini izah edirlər.

İş və şəxsi həyat balansına nail olub xoşbəxt olmayanların da sayı az deyil. Əsas məsələ odur ki, hər kəs seçimini özü etsin və cəmiyyətin bu mövzuda nə düşündüyü az əhəmiyyətlidir.