blogpost-title

İdarəetmə

Kommunikasiya

Yalanın ömrü qısadır

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Yalançı insanların mövcudluğu heç kim üçün təzə xəbər deyil. Onlar sahibkar və muzdlu rəhbərlər arasında da var. Maraqlıdır ki, əksər rəhbərlər, özləri yalan danışanlar daxil işçi yalanını onun işdən xaric olunması üçün yetərli əsaslardan biri kimi dəyərləndirir. Eyni rəhbərlər isə işçilərə, müştərilərə, tərəfdaşlara yalan deməyi qəbahət hesab etmirlər. Müşahidələrimə görə bu daha çox xarakterdən irəli gəlir. İnsanlar kiçik yalanların ziyanının olmadığını düşünürlər və bunu normal hesab edirlər. Tədricən vəd vermək, sonra sanki unudub ona riayət etməmək idarəetmə tərzinin mühüm hissəsinə çevrilir. İşçi vədi açıq-aşkar xatırladanda belə rəhbərlər onun üzünə dururlar ki, belə bir şey olmayıb və ya əvvəl deyilənlərin başqa məna kəsb etdiyini və işçinin düz başa düşmədiyini ona sübut etməyə çalışırlar. Bəzən onlar özləri də dedikləri yalanlara inanmağa başlayırlar. Hətta tabe olanlardan da problemləri həll edərkən oxşar tərzdə yalandan istifadə edərək davranmağı tələb edirlər. Adətən, belə şəxslər özlərini hər kəsdən bic hesab edirlər. Fəxr edirlər ki, yalanları hesabına necə ustalıqla dolaşıq vəziyyətlərdən çıxırlar. Əmin olurlar ki, heç kəs yalanları başa düşmür.

Hərçənd əksər hallarda ətrafdakılar hər şeyi çox gözəl başa düşür. Kimsə tərbiyəsinə, kimsə yalançıdan asılı vəziyyətdə olduğuna, kimsə perspektivi məlum olmayan münaqişələrdən uzaq durmaq istədiyinə görə aşkarladıqları yalanları rəhbərin üzünə vurmur. Amma düz, işgüzar insanlar belə şəxslərlə nə tabe olan işçi kimi, nə biznes tərəfdaşı, nə də müştəri kimi uzun müddət qalmırlar. Onların ətrafını özləri kimi yalan danışmağı normal hesab edən çoxüzlü şəxslər təşkil edir.

Karyera yalan üzərində qurula bilməz, biznes yalan üzərində qurula bilməz. Bəzən müəyyən müddət yalan və manipulyasiya yolunu seçən şəxslər uğurlu ola bilirlər, lakin bu, uzun müddət davam etmir.