Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
Gecə-gündüz şirkətin inkişafını düşünən və çoxlu ideyası olan rəhbər bəzən elə öz ideyalarının qurbanına çevrilir. Həmin şəxslər ideyanı sonadək dəyərləndirmədən onun icrasına başlamaq barədə işçilərə saysız-hesabsız tapşırıqlar verir. Menecment, vaxtın idarə olunması, uğurlu rəhbərlər barədə kitablarda öncəliklərin düzgün təyin olunması nə dərəcədə vacib olduğu barədə nə qədər yazılsa belə, bu tip rəhbərlər hər şeyi maksimal qısa müddətdə və eyni vaxt icra olunmasına can atır. Aydındır ki, bu cür yanaşma nadir hallarda uğurlu olur. İtalyan sosioloq, iqtisadçı Vilfredo Paretonun qanunu barədə yəqin çoxunuz eşitmişiniz ki, “20% səylər nəticənin 80%-ini verir, qalan 80% səylər isə nəticənin cəmi 20%-ini verir”. Ehtimal etmək çətin deyil ki, təsvir edilən yanaşma çərçivəsindəki səylər adətən ikinci qrupa aid olur. Öncəlikləri təyin etmədən bütün ideyaları dərhal icraya yönəltməni “acgöz rəhbər” sindromu adlandırıram.
Bəs bu sindromdan əziyyət çəkmək nəyə görə uğursuzluğa səbəb olur? Hər kəsə məlumdur ki, ideyamız vaxt və digər resurslarımızla çatdıra bildiyimiz işlərdən hər zaman çoxdur. Belə halda daha əhəmiyyətli, perspektivli, real, aktual layihələrə üstünlük vermək, onlara zəruri miqdarda resursları sərf etmək daha məntiqlidir, nəinki bütün layihələri eyni vaxtda icra etmək və onların hamısına bir qədər, lakin kifayət etməyən sayda resurs ayırmaq. İdeyaları öncəliklərə əsasən həyata keçirmək hansındansa imtina deyil, sadəcə onların bir qisminin ertələnməsidir. Təbii ki, bu müddət ərzində bəzi ideyalar aktuallığını itirə və ya başqaları tərəfindən həyata keçirilə bilər. Amma bu yenə də öncəlik məsələsidir. Əgər öncəliklər düzgün təyin edilmişdirsə, qazanan tərəf yenə də həmin şəxs özü olacaq. “Acgöz rəhbər” sindromundan əziyyət çəkənlərin başqa qurbanları onlara tabe olanlardır. Axı resurs qismində elə onlar çıxış edirlər və iş vaxtı çatışmazlığına baxmayaraq, davamlı yeni layihələrlə yüklənən işçilər uğursuzluqlarından demotivasiya olurlar. Essensializm tərəfdarları demişkən: “daha az, lakin daha yaxşı”.