blogpost-title

Korporativ mədəniyyət

Azərbaycanda nə vaxt işləyirlər?!

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Müşahidələrimə görə, ölkəmizdə işgüzar aktivlik baxımından ən qızğın dövr aprel-may, sentyabrın ortalarından noyabrın ortalarınadək olan müddətdir. Yanvar ayı təqvim ilinin əvvəlidir. Yeni il bayramından sonra bəziləri məzuniyyət götürüb istirahətlərini uzadırlar. Təbii ki, az qala yanvarın 15-dək istirahət edən şimal qonşularımıza baxanda biz iş ritminə daha tez düşürük, lakin yeni layihələr yanvarda nadirən başlayır. Daha çox əvvəlki ilin yekunlarına baxılır, tamamlanmamış planlama və büdcələmə işləri sona çatdırılır. Fevral ayı qısa aydır, yanvarın inersiyası da özünü büruzə verir. Ayın sonu işlər sanki canlanmağa başlayır, lakin qəflətən mart gəlir :) Martın əvvəli hər iki cinsin nümayəndələri Qadınlar gününü əsas düşünür. Onu yola verəndən sonra hamı Novruz əhvali-ruhiyyəsindədir. Bütün əhəmiyyətli işlər uzun bayramlardan sonrakı dövrə təxirə salınır. Növbəti iki ay ərzində biznesdə nisbətən gərgin işdən sonra yay məzuniyyətləri mövsümü başlayır və sentyabrın ortasınadək davam edir. Sonra il ərzində ikinci məhsuldar dövr gəlir və noyabr ayının ortalarından aktivlik azalmağa başlayır. Diqqət başlanmış layihələrin yekunlaşdırılmasına, növbəti ilin planlamasına ayrılır. Bu qaydada il bitir və sikl yenidən başlayır. Ramazan ayı da, xüsusən yay aylarına təsadüf edirsə, bir çox bizneslərin aktivliyinə o qədər də müsbət təsir etmir.

Təbii ki, qaçılmaz mövsümlüyü olan bizneslər var və bəzilərində aktivlik dövrləri fərqlidir. Lakin, fikrimcə, ümumilikdə məhsuldar, əsasən, qeyd olunan 4 aydır və bu, çox azdır. İlin cəmi 33%-ni təşkil edir. Qalan müddət iş dayanmır, lakin aktivlik, təşəbbüskarlıq, yenilikçilik orta səviyyədən aşağı olur. Bu, daha çox iri və orta biznes subyektlərinə aiddir. Mikro və kiçik bizneslər isə il boyu aktiv olmağa çalışır, lakin nəhənglərin davranışı onlara da ciddi təsir edir və ümumən ölkə iqtisadiyyatının inkişafını zəiflədir.

Bəs sizin və tərəfdaşlarınızın bizneslərində hansı aylar daha aktiv olur?