blogpost-title

Şəxsi inkişaf

Cəmiyyətimizdə işə münasibət

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Məhsuldarlıq və effektivlikdə geri qalmağımız və xarici rəqiblərə uduzmağımızın səbəbləri barədə çox düşünürəm. Xalq olaraq çox istedadlı və bacarıqlıyıq. Lakin aramızda tənbəllikdən əziyyət çəkənlərin sayı da az deyil. Çoxdan universitet müəllimlərimdən biri bunun səbəblərini münbit şəraitimizlə izah edirdi. Çox maraqlı fikirdir. Deyirdi ki, “Azərbaycan torpaqları o qədər bərəkətlidir ki, bir şey yetişdirmək üçün çox əziyyət çəkməyə ehtiyac yoxdur, torpağa düşən tumların çoxu özü bitir və bar verir. Əsrlər boyu bundan faydalanan əcdadlarımızda gərgin işləmədən nəticə əldə etmək vərdişi yaranıb”.

Təbii ki, istisnalar var. Hər bir şirkətdə, qurumda əsas iş yükünü öz üzərinə götürüb dartan çox zəhmətkeş insanlar var. Amma razılaşın ki, onlar azlıq təşkil edir. Maraqlıdır ki, həddindən artıq işləyənləri ingiliscə “workaholic”, rusca “трудоголик” adlandırırlar. Lüğətlərdə bu sözün Azərbaycan dilinə tərcüməsini tapmadım. Yoxsa belə sözə cəmiyyətimizin ehtiyacı olmayıb? Axı dil xalqın həyat tərzini əksər edir.

Dənizkənarı bulvarın bazar ertəsi öncəsi gecə necə dolu olduğuna diqqət yetirmisiniz? Qərb ölkələrində olanlar orada insanların cümə və şənbələri necə əyləndilklərinin şahidi olublar. Lakin bazarlar fərqlidir, axı sabah iş günüdür, ona hazırlaşmaq lazımdır. Əks təqdirdə məhsuldar işləmək mümkün olmayacaq. Nadir həmyerlimiz məzuniyyətdə xaricdə istirahət edərkən evə elə qayıdır ki, iş öncəsi yoldan dincəlsin və işə tam var qüvvəsi ilə başlaya bilsin.

Bizim genlərdə tarixən “iş” birinci yerdə deyil. Ölkəmizi, xalqımızı çox sevirəm və özümü ayırmıram. Lakin şəxslərin, şirkətlərin və ölkələrin rəqabət apardığı dövrdə işə münasibətimizin yanlış olduğunu etiraf edib gələcəyimiz naminə onun dəyişilməsi istiqamətində məqsədyönlü çalışmalıyıq.