blogpost-title

Şəxsi inkişaf

Karyera inkişafı

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Sosial şəbəkələrdəki hesablarımda tez-tez karyera inkişafı ilə bağlı suallar verirlər. Sorğuçular arasında həm karyeralarına yeni başlayanlar, həm də artıq on illərlə əmək stajına malik olanlar var. Bu sahədə özümü mütəxəssis hesab etmirəm. Sadəcə təcrübəmə əsasən fikirlərimi bölüşmək istərdim.

23 illik iş təcrübəmdən belə qənaətə gəlmişəm ki, eyni şirkətdə və eyni vəzifədə 5 ildən artıq çalışmağa dəyməz. Fəlsəfəm ondan ibarətdir ki, şirkət və işçi davamlı bir-birini qarşılıqlı inkişaf etdirməlidir. 5 ildən sonra bu balans pozulur. Əməkdaş, o cümlədən rəhbər vəzifəni tutan işçi öyrənə biləcəyini artıq öyrənmiş olur, yəni ya çox az və ya heç inkişaf etmir, eyni zamanda da onun da şirkətə töhfəsi azalır. Burada motivasiyanın düşməsi son rol oynamır.

Karyera inkişafı dedikdə əksəriyyət nədənsə tək vəzifə yüksəlişini başa düşür. Cəmiyyətdəki baxışlar uğurlu şəxslərin, yaxşı işçilərin mütləq rəhbər olmalarını tələb etsə də, heç də hər kəs üçün bu, uyğun karyera deyil. Çoxlu gözəl mütəxəssislər var ki, rəhbər olmaq iddiasında deyillər və bəzilərinin bunun üçün uyğun keyfiyyətləri də yoxdur. Lakin bu o demək deyil ki, onlar daimi eyni vəzifədə qalmalıdırlar. Üfüqi inkişaf da mümkündür. Eyni səviyyəli, lakin əlaqədar struktur bölmədə vəzifəyə keçid də bir yenilik, təzə çağırış, motivasiya verən amildir. İndiki zəmanədə peşə dəyişiklikləri adi hala çevrilib. Hər dəfə yeni sahədə uğurlu olmaq iddiası güclü motivatordur. Haradasa oxumuşdum ki, indiki qırxyaşlılar ilk nəsildir ki, bu yaşlarından sonra belə peşələrini dəyişə bilirlər.

Üçüncü yol isə sahibkarlıqdır. Onun ətrafında çoxlu romantik əfsanələr mövcuddur: heç kimə tabe olmamaq, sevimli işlə məşğul olmaq, yüksək gəlirlilik, sahibkar statusu və sairə. Çətin, bəlkə də, ən ağır seçimdir. Uğur qazananlar da olur, xəyal qırıntısı ilə üzləşənlər də az deyil. Maraqlıdır ki, böyük şirkətlərdə top-menecer təcrübəsinə malik və əhəmiyyətli qərarlar vermək vərdişi olan şəxslər belə bəzən müvəffəqiyyətli sahibkar ola bilmirlər.

Hansı yolu seçməyinizdən asılı olmadan əsas olan sadəcə həyat axını ilə üzmək əvəzinə planlı hərəkət etməkdir.