blogpost-title

İdarəetmə

Kiçik biznes böyüyəndə...

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Yəqin, yeni kiçik biznesin təklif etdiyi məhsul və xidmətin müəyyən müddətdən sonra keyfiyyətinin aşağı düşməsi halı ilə qarşılaşmısınız. Çoxları hesab edir ki, sahibkar qazandığı işgüzar nüfuzdan sui-istifadə edib qazanc naminə keyfiyyəti qurban verir. Əksər hallarda baş verənlərin əsas səbəbi başqadır.

Hadisələr təxminən belə cərəyan edir: yeni biznes açılır və istehlakçılar tərəfindən bəyənildiyinə görə müştəri bazası tədricən artır. Tələbat müəyyən bir nöqtəyə çatandan sonra sahibkarın təklif həcmini üstələyir. Bundan sonra sahibkar müştərilərin bəzilərindən imtina etməli olur, çünki təklif edəcəyi məhsul yoxdur. Müraciət edən müştərilərin tələbatı şərti olaraq bir dəfədən bir ödənilir və nəticədə, yeni peyda olunan daimi müştərilərin sayı azalmağa başlayır. Bu xoşagəlməz halı görən sahibkar təklif həcmini artırmaq üçün yollar aramağa başlayır. Tapırsa, təklif və tələbatın həcmlərini uyğunlaşdırır, amma əksər hallarda bu keyfiyyətin aşağı düşməsi ilə müşahidə olunur. Belə ki, adətən, biznesin ilk dövrlərində sahibkar özü bütün proseslərə nəzarət edir və müştəriləri cəlb edən müstəsna keyfiyyəti təmir edir. Həcm böyüdükcə sahibkarın fiziki resursu kifayət etmir. Nəzarət funksiyasının başqalarına ötürülməsi isə axsayır. Nəticədə, keyfiyyət zərər çəkir. Belə də olur ki, bəzən sahibkar təklif həcmini artırmaq yollarını tapmır, həmişəlik kiçik sahibkar kimi qalır və aylıq müştəri kütləsinin şərti olaraq 500 nəfərdən ibarət olması ilə razılaşır.

Qeyd olunan hər iki hal biznesin böyüməyə hazır olmamasından irəli gəlir. Kiçik sahibkar biznesə başlayanda yeganə hədəfi satışlarını artırmaq və müştəri sayını şərti 500 nəfərə çatdırmaqdır. Birinci aylarda onların sayı heç 200 nəfərə çatmır. Ona görə sahibkar müştəri sayı 1000 olarsa, onların tələbatını necə qarşılayacağı barədə heç düşünmür. Bu vəziyyət ona şirin yuxu kimi gəlir. Nəticədə, biznes qəflətən böyüməyə başladıqda sahibkar hazırlıqlı olmur və həmin imkanı əldən buraxır.

Təbii ki, biznesə başlayanda ilk növbədə onu ayaq üstə möhkəm qoymaq düşünülür və bunun üçün tədbirlər görülür. Lakin böyüməyə də hazırlaşmaq lazımdır və çox nikbin B planı olmalıdır. Həmin plan təklif həcmini necə kəskin artırmaq mümkün olacağını, bu vəziyyətdə keyfiyyətin necə təmin ediləcəyi, yeni əməkdaşların cəlbi yollarını və sairə nəzərdə tutmalıdır. "İşlərin pis ssenari üzrə getməsinə hazıramsa, deməli, hər şeyə hazıram" yanaşması biznesin sürətlə böyüməsi halında işləmir.