Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
Heç belə vəziyyətlə üzləşmisiniz ki, işdə çox motivasiyalısınız, davamlı yeni ideyalar verirsiniz, əlavə iş yükü üzərinizə götürməyə razısınız, şirkətin biznesinin inkişafı üçün əlinizdən gələni etməyə hazırsınız, amma həmkarlarınız və ya birbaşa rəhbəriniz yanaşmanıza şərik çıxmırlar?! Üst rəhbərliyin iştirakı ilə keçirilən ümumi iclaslarda onlar bütün təkliflərinizi sanki dəstəkləyir, amma konkret işə çatanda imkan düşdükcə maneə yaradırlar. Bəzən görüşlərdə də onlar təklifləriniz barədə yüngül şübhələrini səsləndirirlər ki, çox iddialı planlar qurulmasın. Bu cür insanlar komfort zonasından çıxmaq istəmirlər. Bəlkə, nə zamansa onlar da motivasiyalı olublar, çox çalışıblar. Amma bir mərhələdə özlərinə “bəsdir” deyiblər. Onları işlərin gedişatı tam qane edir. Nə şirkətin biznesinin böyüməsi, nə də vəd olunan fərdi maddi və qeyri-maddi nemətlər onlarda həmin motivasiya hissini oyadır.
Ən dəhşətlisi odur ki, belə yanaşma motivasiyalı işçiləri də düz yoldan çıxarır. Əksər vaxt komandaya yeni qatılan daha cavan üzvlər yüksək motivasiyalı olur. Onlar müəyyən müddət motivasiyalarını qoruyurlar, çünki üst və ya birbaşa rəhbərliyin onlarla həmrəy olduqlarını hiss edirlər. Lakin rəhbərlik həmrəy olsa da, çox vaxt komandanın digər üzvlərinin passiv davranışı ilə barışır. Belə ki, onların bu cür davranışı illər ərzində adət halını alıb. Müəyyən müddət bu şəraitdə davam edəndən sonra motivasiyalı işçi də motivasiyasını itirməyə başlayır. O özünü “ağ qarğa” hiss edir və ümumi ab-havaya uyğunlaşır. Adətən, bütün yenilikçiliyi ən yaxşı halda cavabdeh olduğu sahə ilə məhdudlaşır və şirkət miqyaslı, yaxşı mənada, inqilab cəhdlərindən əl çəkir. Ortalıqda itirən isə sahibkar və biznes olur.
Odur ki şirkətin inkişafı naminə köhnə qvardiyanın mühafizəkar nümayəndələrindən keçmişdəki nailiyyətlərinə baxmayaraq bəzən qurtulmaq lazımdır. Motivasiyalı işçi tapmaq kifayət qədər çətindir, daxildəki qüvvələrin həmin motivasiyanı boğmasına imkan vermək olmaz.