blogpost-title

İdarəetmə

Qərar verməyən rəhbər

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Yəqin ki, hər kəs qərarların verilməsini davamlı uzadan rəhbər tipi ilə qarşılaşıb. Belə davranışın səbəbləri müxtəlif və ilk baxışdan ağlabatan olur. Əlavə məlumat tələb olunur. Əlavə araşdırmaya ehtiyac yaranır. Bəzən heç bir səbəb gətirilmədən qərar verilmir. Lakin qərarvermənin uzadılması dəfələrlə təkrarlandıqda və məsələnin əhəmiyyətindən asılı olmayaraq baş verdikdə ətrafdakılar başlayır başa düşməyə ki, real səbəblər başqadır: adam məsuliyyətdən qorxur, qərarın nəticəsini proqnozlaşdıra bilmir və ya patoloji qərarsızlıqdan əziyyət çəkir. Təəccübləndirən odur ki, adətən, bu cür rəhbərlər tabe olanların da sərbəst qərar verməyinə imkan vermirlər. Bu baş verdikdə isə hər hansı don geyindirməklə qərarı dəyişdirirlər, hətta bəzən qərardan əvvəlki vəziyyəti bərpa edirlər. Bu cür rəhbərlər sanki məsələnin öz-özünə həll olunacağına ümid edirlər. Halbuki məlum məsələdir ki, idarə olunmayan vəziyyət heç zaman yaxşıya doğru dəyişmir, əksinə pisləşməyə meyllidir. Bəzən uzatma o həddə çatdırır ki, tələb olunan qərarda ehtiyac tamamən aradan qalxır.

Biznesdə sürətin çox vacib olduğunu hər kəs bilir. Hesab olunur ki, gec verilən qərarın ziyanı yanlış qərardan çoxdur. Çünki yanlış qərar icra olunarkən onun yanlış olduğunu görmək və düzəliş etmək olur. Qərarın gecikdirilməsi isə hərəkətsizlikdir və verilən qərarın düzgün olacağının da qarantiyası deyil. Bu yazı ilə mən tələm-tələsik, aşağıkeyfiyyətli qərarları verməyə çağırmıram. Sadəcə mümkün qədər çevik olmağa dəvət edirəm. Hər rəhbər öz idarəetmə tərzinə kənardan baxsa, qərarların ləngidilməsindən əziyyət çəkib-çəkmədiyini təyin edə bilər. Əgər bu bəlanı özünüzdə görürsünüzsə, tədricən ondan qurtulmağa çalışın.

Sonda bir qeyd-şərt də yazım ki, strateji qərarların verilməsinə daha çox vaxt sərf etmək normaldır. Amma bu, ağlabatan müddət olmalıdır, çünki strateji məsələlərdə gecikmə ölümə bərabərdir. Bir də cari məsələləri stratejilərlə qarışdırıb onları da uzatmaq olmaz.