blogpost-title

İdarəetmə

Korporativ mədəniyyət

Şirkətdə səlahiyyət inhisarı

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Təsisçisi bir nəfərdən ibarət olan əksər yerli şirkətlərimizdə bütün hakimiyyət onun əllərində toplanıb. Şirkətin böyüməsi və təkbaşına idarə etmənin qeyri-effektivliyinə baxmayaraq, təsisçi tərəfindən cəlb olunan rəhbər heyətə səlahiyyət verilmir. Belə vəziyyətin geniş yayılması səbəbləri barədə düşünməyə vadar edir.

Ağıla ilk gələn səbəb - sahibkar işə götürdüyü rəhbərə etibar etmir. Açığı, əsası da var. Bəzilərində SSRİ dövründən formalaşmış dövlət mülkiyyətinə qarşı etinasız, səhlənkar yanaşma, dövlət mülkiyyətinin yiyəsiz olduğu düşüncəsi və imkan düşdükcə, onu talama ənənəsi eynilə özgənin iri həcmli xüsusi mülkiyyətinə qarşı münasibətdə də özünü göstərir və yekunda bu xoşagəlməz nəticələrə gətirib çıxarır. Həll: effektiv kompleks nəzarət sisteminin qurulmasıdır.

Başqa səbəb kadrların bilik və bacarıqlarının aşağı olmasıdır. Əvvəlcə hər kəs birbaşa və ya dolayısı ilə tanıdıqları şəxsləri işə götürür. Bu da bir lotereyadır, həm bacarıqlı işçi qarşıya çıxa bilər, həm də bacarıqsız. İkincinin ehtimalı daha çoxdur. Dəfələrlə bacarıqsızlarla qarşılaşan sahibkarda işçilərə qarşı bir qərəzli yanaşma yaranır. Həll: bazar səviyyəsinə cavab verən əmək haqqı təklif etməklə, peşəkar işəgötürmə agentliyi vasitəsi ilə işçinin cəlb olunmasıdır.

Tam əksinə də olur. Sahibkar hiss edir ki, cəlb etdiyi rəhbər işçi idarəetmədə ondan daha güclüdür. Sahibkarda qeyri-sağlam qısqanclıq hissi yaranır, işçilər arasında nüfuzunun düşəcəyindən qorxur. Halbuki, idarəetməyə yeni əməkdaşın cəlb edilməsinin məqsədlərindən biri də odur ki, boşluq olan sahələr onun vasitəsilə aradan qaldırılsın. Həll: sahibkara müsbət nəticələrin mümkün risklərdən yüksək olacağını nümayiş etdirmək.

Tez-tez olur ki, olduqca peşəkar işçini adekvat əmək haqqı ilə işə qəbul edən sahibkar ondan tam özü kimi bütün işlərə yanaşacağını və hərəkət edəcəyini gözləyir. İnsanlar isə çox fərdidir. Hətta bir ailədə böyüyən övladlar belə fərqlənir. Özgədən isə bu cür gözlənti ümumən yanlışdır. Həll: reqlamentləşmə və düzgün korporativ mədəniyyətin formalaşdırılmasıdır.

Bəzi sahibkarlar şirkətlərində özlərini kral kimi hiss edir. İşə qiymət vermək, əmək haqqını artırmaq və ya olduğu kimi saxlamaq, edam etmək və ya bağışlamaq qərarları tamamən onlardan asılıdır və son instansiya qərarlarıdır. Səlahiyyətlərin ötürülməsi isə absolyut hakimiyyəti məhdudlaşdırır. Həll: yeni quruluşun üstünlüklərini sahibkara göstərmək və inkişaf üçün “monarxiyanı” qurban verməyin şərt olduğunu izah etməkdir.

Sahibkar biznesini qurduqdan sonra onda formalaşmış vərdişlər hakimiyyətlə bölüşməmək istəyinin səbəbi ola bilər. Adam müəyyən inkişaf yolunu qət edib və bütün qərarlarının təkbaşına öz mülahizəsinə uyğun verilməsi onun uğur düsturunun bir hissədir. Həll: əvvəlki ilə eynidir.

Şirkətlərdə hakimiyyət inhisarçılığının əsas səbəbi isə intuisiyaya söykənən və nəzəri bazası heç olmayan və ya çox zəif olan idarəetmədir. Sahibkar sadəcə çox pilləli idarəetmə sisteminin necə düzgün qurulmasını və işləməsini, hansı üstünlüklərin verdiyini bilmir. Həll: idarəetmə sahəsində nəzəri biliklərin inkişaf etdirilməsidir.

Bəs Siz sahibkar və müdirlər tərəfindən səlahiyyətlərin ötürülməməsinin hansı səbəbləri ilə qarşılaşmısınız?

Bu yazının ideyasını verən Nicat Abasova təşəkkürümü bildirirəm.