blogpost-title

İdarəetmə

Komanda çalışması

Kommunikasiya

Korporativ mədəniyyət

Toplantı xəstəliyi

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Toplantıları idarəetmənin və ümumən iş həyatının faydalı aləti hesab edirəm. Hətta toplantıların məhsuldarlığını artırmaq mövzusunda təlim də aparıram. Amma digər idarəetmə alətləri kimi toplantılardan da sui-istifadə etmək olmaz. Bu məsələdə də bir qızıl ortanı tapmağı bacarmaq lazımdır. Toplantıların sayı nə çox olmalıdır, nə də onlardan tam imtina etmək lazımdır.

Praktikada isə hər iki hal ilə qarşılaşmaq olur. Kiçik və orta şirkətlərdə bəzən əsassız olaraq toplantılardan imtina edirlər. Bu, əsasən, onunla izah olunur ki, onsuz da bütün günü bir-birimizlə ünsiyyətdəyik və toplantılara ehtiyac yoxdur. Mübahisəli yanaşmadır. Toplantıların müxtəlif növləri var: hesabat, koordinasiya, beyin fırtınası, strateji və sairə. Bunlardan hansı birinin məqsədinə ayaqüstü gündəlik ünsiyyət zamanı tam çatmaq olur? Düzdür, heç birinin.

Hər mövzuda toplantı çağırmaq da bir ifratçılıqdır. İki nəfərin telefon zəngi ilə və ya iş yerində qısa danışıqla, çevik həll edə bildiyi məsələyə görə toplantı təşkil edilməsi, ora başqa əməkdaşların dəvət olunması qeyri-səmərəlidir. Belə hallarla daha çox iri şirkətlərdə qarşılaşmaq olur. Belə toplantıların təşəbbüskarı çox vaxt işləmək əvəzinə işin imitasiyası ilə məşğul olan şəxslər olur.

Odur ki iş həyatında toplantılardan nə tam imtina, nə də onlardan sui-istifadə etmək lazımdır. Təbii ki, keçirilən toplantıların effektiv olması şərti ilə. Bu isə təşkilatçının ustalığı və korporativ mədəniyyət məsələsidir.